Etiologiya

Anemiya eritrositlərin sintezi artdıqda, qırmızı qan hüceyrələrinin məhv olması prosesi sürətləndikdə və ya qanaxma nəticəsində eritrosit itkisi baş verdikdə, yaranır. Bir çox hallarda bu mexanizmlər kombinə olunmuş şəkildə mövcud olur. Anemiya ümumi terapiya təcrübəsində ən çox rast gələn hematoloji pozğunluqdur. Risk faktorlarına ekstremal yaşlar, qadın cinsi, laktasiya və hamiləlik aiddir.

Qida defisiti, sümük iliyinin qazanılmış xəstəliyi, genetik pozğunluqlar, dərman preparatları, toksinlər və xroniki sistemli xəstəliklər qırmızı qan hüceyrələrinin sintezinin azalmasına gətirib çıxara bilər.

Hemolitik anemiyalar anemiyaların bir qrupudur və eritrositlərin məhvi prosesinin intensivləşməsi və nəticədə dövr edən dolayı bilirubinin miqdarının artması ilə səciyyələnir.[9][10][11]Bilirubin səviyyəsi 34,2-68,4 mmol/l-dən (2-4 mq/dl) artıq olduqda, kliniki sarılıq meydana çıxır. Xəstəliyin digər spesifik əlamətləri də mövcud ola bilər. Nəticədə baş verən anemiya etiologiyasından asılı olaraq, mikrositar və ya hiperproliferativ normositar xarakterli ola bilər.

Mikroangiopatik hemolitik anemiyalar çox vaxt ayrıca qrup hesab edilir. Bunlar hiperproliferativ normositar anemiya ilə səciyyələnir. Prosesin əsasında duran patologiya nəticəsində endotel zədələnir və koaqulyasiya zənciri aktivləşir, beləliklə, zədələnmiş endotel hüceyrələrinin səthində fibrin depolaşır. Kiçik damarların endotel qişasındakı fibrin eritrositlərin mexaniki fraqmentasiyası və deformasiyası baş verir ki, bu da hemolizə aparıb-çıxarır. Bu proses nəticəsində sintez olunan qeyri-müntəzəm formalı eritrosit fraqmentlərinə şistositlər deyilir və onları periferik qan yaxmasında görmək mümkündür.

Zərdab həcminin genişlənməsindən sonra hemodilyusiya baş verə bilər. Hemoqlobin konsentrasiyasının belə azalması "dilyusion anemiya" kimi tanınır. Bu, çox vaxt yatrogen olur (məs., venadaxili maye yeridilməsindən sonra) və gərəksiz infuziyalara səbəb olur.

Qanitirmə

Kəskin qanitirmə

  • İstənilən kəskin qanitirmə normositar anemiya ilə nəticələnə bilər. Qanaxma başladıqdan sonra 6 saat ərzində retikulositoz müşahidə edilir. Bunun əksinə, tədricən xroniki qanitirmə davamlı dəmir itkisinə və nəticədə mikrositar anemiyaya səbəb olur.

  • Ən çox rast gələn səbəblərinə travma (güllə yarası, iri sınıqlar və avtoqəza xəsarətləri də daxil olmaqla), kəskin mədə-bağırsaq (MB) qanaxması, damar anevrizmasının cırılması (xüsusilə, aortanın qarın şöbəsinin anevrizması) və yeni keçirilmiş cərrahi əməliyyatlar aiddir.

  • Xəstədə antikoaqulyant terapiyası aparılırsa, hemostaz defektləri varsa və ya təkrar qanköçürmədən sonra damardaxili yayılmış laxtalanma sindromu və ya massiv qanköçürmə koaqulopatiyası rast gəlmişdirsə, belə xəstələrdə qanaxma riski artmış olur.

Tədrici, uzunmüddətli qanaxma

  • İstənilən səbəbdən qanaxma dəmir ehtiyatlarının tükənməsi ilə nəticələnir, belə ki, orqanizmdəki ümumi dəmirin 2/3 hissəsi dövran edən hemoqlobinin (Hb) tərkibinə daxildir.

  • Qadınlarda aybaşı zamanı həddən artıq qanitirmə çox rast gələn səbəblərdəndir.

  • Mədə-bağırsaq traktı qanaxmaların ən çox rast gəldiyi sistemdir. Əsas səbəblərinə hemorroy, salisilat qəbulu, peptik xora xəstəliyi, diafraqmanın qida borusu yırtığı, divertikulyoz, neoplastik patologiya və xoralı kolit aiddir.

  • Nadir etioloji amillərə ankilostomoz, yenidoğulmuşlarda süd allergiyası, Mekkel divertikulu, şistosomoz, trixiuriaz və irsi hemorragik teleangiektaziya aiddir. Digər nahiyələrdə qanitirməyə səbəb olan nadir səbəblərə ağciyər qanaxması (idiopatik ağciyər hemosiderozu və Qudpasçur sindromu), qan donorluğu və özünə xəsarətyetirmə aiddir. Bundan əlavə, hemostaza təsir edən istənilən pozğunluq qanaxma və dəmir defisitli anemiya riskini artırır.

Qidalanma defisiti və ya tükənmə

Dəmir defisitli anemiya[6][12][13][14][15]

  • Dünyada qanazlığının ən çox rast gələn səbəblərindəndir. Əsasında bir sıra müxtəlif səbəblər durur. ABŞ-da 20-49 yaşlı qadınların təxminən 4%-də dəmir defisitinin olduğu müəyyən edilmişdir.[16] Hemoqlobin, mioqlobin və sitoxromun hem fraqmentinin əmələ gəlməsi üçün dəmir tələb olunur; dəmirin qəbulu və ya mənimsənilməsinin qeyri-adekvat olması və ya həddən artıq dəmir itkisi mikrositar anemiya ilə nəticələnir.

  • Hem dəmir komponentini əsasən ət məhsulları təmin edir və ətin az olduğu və ya qida rasionunda ət qəbulunun məhdud olduğu coğrafi regionlarda dəmir defisiti çox rast gəlir. Pikasizm (uşaqlarda qida üçün yararsız maddələrə qarşı iştaha ilə müşayiət olunan tibbi pozğunluq) və dəmir defisiti arasında güclü əlaqə mövcuddur.

  • İstənilən səbəbdən tədricən və uzunmüddətli qanaxma dəmir ehtiyatlarının tükənməsi ilə nəticələnir, belə ki, orqanizmdəki ümumi dəmirin 2/3 hissəsi dövran edən hemoqlobinin (Hb) tərkibinə daxildir.

  • Axlorhidriya, mədə əməliyyatı, nazik bağırsağın sovurucu zonasının zədələnməsi ilə səciyyələnən xəstəliklər, məsələn, qlüten enteropatiyası və nazik bağırsağın proksimal şöbəsinin geniş rezeksiyası zamanı dəmirin malabsorbsiyası baş verir.

  • Qaçışçıların anemiyası ayağın yerə təkrar-təkrar toxunması nəticəsində eritrositlərin həcminin artması və daha sonra isə parçalanması ilə əlaqədar meydana çıxır.

  • Hemoqlobinuriya (dəmirin sidiklə xaric edilməsi) nadir rast gəlir. Adətən, buna paroksizmal gecə hemoqlobinuriyası səbəb olur, lakin hemoqlobinuriya istənilən mənşəli damardaxili hemoliz nəticəsində meydana çıxa bilər.

  • Hamiləlik dölün beyni və ciftin inkişafı üçün lazım olan dəmir maddəsinə fizioloji tələbatı artırır.

Vitamin B12 çatışmazlığı[8]

  • B12 vitamini DNT sintezinin vacib kofaktoru olaraq, yalnız qidadan və ya qida əlavələrindən əldə olunur. B12 ilə zəngin qidalara heyvan və süd məhsulları, yəni ət, quş əti, süd və yumurta aiddir. B12 defisiti nevroloji pozğunluqlar və meqaloblastik anemiyaya səbəb olur.

  • Səbəblərə qida ilə qəbulun azalması (məs., xroniki azqidalanma, alkaqoldan sui-istifadə, ciddi veqan pəhrizi), qida ilə qəbul edilən B12 vitamininin parçalanmasının azalması (pernisioz anemiya, keçirilmiş mədə və ya bağırsaq cərrahiyyəsi, atrofik qastrit) və ya malabsorbsiya (mədə malabsorbsiyası, Kron xəstəliyi, qlüten enteropatiyası, mikrofloranın həddən artıq inkişaf etməsi) aiddir. Bir sistematik icmalda belə nəticəyə gəlmişlər ki, yaşlı əhali qruplarında anemiyanı B12 vitamininin subnormal səviyyələri ilə əlaqələndirən dəqiq dəlillər mövcud deyil.[17]

Fol turşusu defisiti[8][18]

  • Fol turşusu DNT sintezində vacib kofaktordur və yalnız qidadan və ya qida əlavələrindən əldə olunur. Fol turşusu ilə zəngin qidalara yaşıl yarpaqlı tərəvəzlər, sitrus meyvələri və heyvan məhsulları aiddir. Fol turşusu defisiti dilin şişkin, qırmızı və ağrılı olması, anqulyar stomatit, dəri və selikli qişaların adacıqlı hiperpiqmentasiyası, yüngül dərəcəli davamlı pireksiya (infeksiya olmadığı halda) və meqaloblastik anemiya kimi əlamətlərlə təzahür edir.

  • Çox rast gələn səbəblərinə qida ilə fol turşusunun qəbulunun azalması (məs., xroniki az qidalanma, spirtli içkilərdən sui-istifadə, qida rasionunda zülal qəbulunun az olması), sovrulmanın pozulması (axlorhidriya, qlüten enteropatiyası, tropik spru, sink defisiti, disbakterioz) və orqanizmin fol turşusuna tələbatının artması (yenidoğulmuşlar, hamilə qadınlar, laktasiya, bədxassəli pozğunluq) aiddir.

  • Vitamin B12 defisiti olan xəstələrdə fol turşusunun böyrəklər vasitəsilə xaric edilməsi arta bilər. Analoji olaraq, spirtli içkilərdən xroniki sui-istifadə fol turşusunun ödlə xaric olunmasını xeyli artıra bilər.

  • Nadir hallarda hipotiroidizm və anadangəlmə ferment defisitləri fol turşusu metabolizminə mənfi təsir edə bilər.

Generalizə olunmuş azqidalanma

  • Çox vaxt dəmir defisitinə səbəb olur. Tez-tez xəstədə vitamin B12 və/və ya fol turşusu defisiti də olur ki, bunun nəticəsində baş verən anemiya da normositar xarakterlidir. Bu halla əlaqədar mis defisiti nadir rast gəlir, lakin uzunmüddətli total parenteral qidalanma (TPQ) təyin edilmiş xəstələrdə nəzərdə tutulmalıdır.

Qazanılmış sümük iliyi xəstəliyi

Miyelodisplaziya sindromu[19]

  • Heterogen mənşəli klonal sütun hüceyrə patologiyaları qrupudur. Neoplastik çoxpotensiallı hemopoetik sütun hüceyrələrinin nəzarətsiz şəkildə proliferasiyası və klonlaşması normal hüceyrələrin sintezində kompromisə səbəb olaraq, bir sıra sitopeniyalarla nəticələnir.

  • Adətən, qazanılmış xromosom anomaliyaları ilə əlaqədardır, lakin kimyəvi və ya şüa terapiyası nəticəsində də baş verə bilər.

  • Bu zaman rast gələn anemiya qeyri-meqaloblastik makrositar anemiyadır, lakin periferik qan yaxmasında meqaloblastik makrositar anemiyalardakına bənzər hiperseqmentasiyalı neytrofillər müşahidə edilə bilər. Yaşlı xəstədə makrositar anemiya zamanı eritrositlərin eninin normal təsadüfi paylanması şübhə yaratmalıdır.

Leykemiyalar

  • Kəskin limfoleykoz, kəskin miyeloleykoz və xroniki miyeloleykoz anomal sələf hüceyrələrin nəzarətsiz şəkildə artıb-çoxalması və klonal genişlənməsi nəticəsində meydana çıxır. Bu xəstəliklər differensiasiya prosesinin müxtəlif mərhələlərində olan sələf hüceyrələrə təsir edir, lakin bunlar normal eritrosit sintezini pozaraq qanazlığı ilə nəticələnir.

Sümük iliyinin ikincili bədxassəli proses nəticəsində infiltrasiyası

  • Bərk şişlərin sümük iliyinə metastaz verməsi sümük iliyi boşluğunda infiltrasiya yaradaraq, anemiya ilə nəticələnə bilər. İstənilən şiş sümük iliyinə metastaz verə bilər, lakin bunlar arasında ən çox rast gələni uşaqlarda neyroblastoma, böyüklərdə isə süd vəzi, prostat vəzi və ağciyər xərçəngini göstərmək olar. Sümük iliyinə metastaz pis proqnostik əlamətdir.

Aplastik anemiya (AA)[20][21]

  • Sütun hüceyrə çatışmazlığından ibarət olaraq, splenomeqaliya ilə müşayiət olunmayan pansitopeniya ilə nəticələnir.

  • İrsi sümük iliyi çatışmazlığı sindromu nəticəsində baş verə və ya etiologiyasında qamma interferonun yerli aktivləşməsilə immun mexanizmlərin işə düşməsi duran qazanılmış patologiya ola bilər.

  • Belə xəstələrdə tipik olaraq, neytropeniya nəticəsində qayıdan infeksiyalar, trombositopeniya nəticəsində qanaxma epizodları və daha az hallarda anemiya hesabına yorğunluq olur.

  • Etioloji toksiki amillərə benzen, dipiron, xloramfenikol, penisillamin və qızıl aiddir.

  • Paroksizmal gecə hemoqlobinuriyası zamanı aplastik anemiya inkişaf edə bilər, lakin bu halın mexanizmləri məlum deyil.

  • Yekun diaqnoz sümük iliyi aspirasiyası və biopsiya vasitəsilə qoyulur. AA zamanı səciyyəvi əlamətlərə aiddir:[20]

    • Sümük iliyinin əhəmiyyətli dərəcədə hiposellülyar olması, qanın bütün hüceyrəli elementlərinin azalması, sümük iliyi boşluğunun piy və stromadan ibarət olması

    • Normal morfologiyaya malik qalıq hemopoetik hüceyrələr

    • Bədxassəli infiltratlar və ya fibrozun olmaması

    • Hemopoezin qeyri-meqaloblastik olması.

Təmiz eritrositar aplaziya

  • Eritroid sələf hüceyrələrin anadangəlmə və ya qazanılmış zədələnməsi nəticəsində yaranır. Qazanılmış formaları öz-özünə sağalan və ya xroniki ola bilər.

  • Öz-özünə sağalan qazanılmış forma infeksiyalar və ya dərman preparatları tərəfindən törədilə bilər. Ən çox rast gələn infeksion etioloji amilə B19 parvovirusu aiddir. Digər infeksion səbəblərə infeksion mononukleoz, virus hepatiti, malyariya, tənəffüs sistemi infeksiyaları, qastroenterit, birincili atipik pnevmoniya və parotit aiddir.

  • Dərman preparatları eritroid sələf hüceyrələrinə toksik təsir göstərir ki, bu da müvafiq preparatın təyini dayandırıldıqdan sonra geridönən bir prosesdir. Misal olaraq, epilepsiya əleyhinə dərman preparatları (fenitoin, karbamazepin, natrium-valproat), azatioprin, xloramfenikol (aplastik anemiya da törədə bilər), sulfonamidlər, izoniazid və prokainamidi göstərmək olar.

  • Xroniki qazanılmış xəstəlik autoimmun xəstəliklər zamanı (məs., sistemli qırmızı qurdeşənəyi, revmatoidli artrit, dermatomiozit, düyünlü poliartrit, sklerodermiya), davamlı infeksiyalarda (zəif immunitetli xəstələrdə davamlı parvovirus B19 infeksiyası, xroniki aktiv hepatit) və timomalar zamanı əmələ gəlir.

  • Anadangəlmə variantlar eritroid sələf hüceyrələrinin bətndaxili dövrdə zədələnməsi zamanı meydana çıxır. Etiologiyası naməlumdur.

  • Autoimmun xəstəliklər, həmçinin, autoimmun hemolitik anemiya törədə bilər.

Toksinlərin təsirinə məruzqalma

Dərman preparatları

  • Bəzi dərman preparatları eritrositlərin immun sistem tərəfindən mediasiya olunan və ya birbaşa hemolizinə səbəb ola bilər, bilavasitə DNT sintezinə müdaxilə edə, DNT sintezinin əhəmiyyətli kofaktorlarının sovrulması, metabolizmi və ya fəallığına təsir edə, yaxud da sümük iliyindəki sələf hüceyrələrə toksiki təsir göstərə bilər.

  • Geniş çeşidli preparatların hemolitik anemiya törətdiyi məlumdur. Çox təsadüf olunan misallara penisillin, metildopa, levodopa, xinidinlər, sefalosporinlər və bəzi qeyri-steroid iltihab əleyhinə preparatlar (QSİƏP-lər) aiddir.

  • Bilavasitə DNT sintezinə müdaxilə edən preparatlara purin analoqları (6-merkaptopurin, tioquanin, asiklovir), pirimidin analoqları (5-ftorurasil, azasitidin, zidovudin) və ribonukleotid reduktaza inhibitorları (hidroksikarbamid, sitarabin arabinozid) aiddir.

  • Antifolatlar fol turşusunun funksiyasını pozmaqla təsir göstərir və bunlara metotreksat və trimetoprim aiddir. Antikonvulsantlar (fenitoin, fenobarbital, primidon) fol turşusunun absorbsiyasına təsir edir. Fol turşusunun miqdarını azaldan digər dərman preparatlarına peroral kontraseptivlər və sikloserin aiddir.

  • Vitamin B12 metabolizminə təsir göstərən dərman vasitələrinə p-aminsalisil turşusu, metformin, kolxisin, neomisin və biquanidlər aiddir.

  • Sələf hüceyrələrə toksiki təsir göstərərək aplastik anemiya törədən dərmanlar və kimyəvi maddələrə benzen, xloramfenikol, penisillamin və qızıl aiddir.

  • Eritroid sələf hüceyrələrinə toksiki təsir göstərərək təmiz eritrositar aplaziyaya səbəb olan preparatlara epilepsiya əleyhinə dərmanlar (fenitoin, karbamazepin, natrium-valproat), azatioprin, xloramfenikol (aplastik anemiya da törədə bilər), sulfonamidlər, izoniazid və prokainamid aiddir.

  • Eritroid stimulyasiyasını inhibisiya edən və eritropoetin hasilini supressiya edən preparatlara AÇF inhibitorları və angiotenzin-II reseptorlarının blokatorları aiddir.[22]

Şüalanma

  • Şüalanma pansitopeniya törədə bilər.

Qurğuşun intoksikasiyası

  • Evdə və ya peşə ilə əlaqədar qurğuşunla təmas nəticəsində baş verir. Anemiya qurğuşunun hem sintezinin vacib kofaktoru olan sink ilə rəqabətə girməsi nəticəsində baş verir. Bəzi xəstələrdə yanaşı dəmir defisitli anemiya da olur.

Spirtli içkilərdən sui-istifadə

  • Uzunmüddətli spirtli içki qəbulu hər hansı yanaşı qaraciyər patologiyası və ya vitamin çatışmazlığından asılı olmayaraq, sümük iliyini birbaşa supressiya edir. Təsiri yalnız səbəbkar amil aradan götürüldükdən bir neçə ay sonra keçir və hətta B12 vitamini və fol turşusunun miqdarı normallaşdıqdan sonra da davam edə bilər.

Xroniki sistemli xəstəlik

Xroniki xəstəliklə əlaqədar qanazlığı[6][23]

  • Yüngül hipoproliferativ normositar anemiya və ya ağır hallarda, dəmir defisitli anemiya ilə yanaşı mikrositar anemiya kimi təzahür oluna bilər. Xroniki iltihab nəticəsində törənir. İltihabönü sitokinlər, xüsusilə də interleykin-6 (İL-6) eritrosit sintezini azaldan (qan zərdabında dəmir və eritropoetinin səviyyəsini endirməklə) və onların parçalanmasını artıran (eritrofaqositoz və sərbəst oksigen radikallarının formalaşmasını stimulyasiya etməklə) hepsidinin artırılması vasitəsilə zəncirvari prosesləri induksiya edir.[24]

  • Bu halın əsasında duran proseslərdən çox rast gələnlərinə infeksiya, yenitörəmələr, autoimmun reaksiyalar və travma və ya iri cərrahi əməliyyat nəticəsində toxumaların zədələnməsi aiddir.

Xroniki böyrək patologiyası[25]

  • Normositar və ya mikrositar anemiyaya səbəb olur. Etiologiyası mürəkkəb və çox faktorludur. Əsas səbəbi eritropoetin sintezinin azalması, bunun nəticəsində isə eritrosit hasilinin enməsi və hipoproliferativ normositar anemiyanın baş verməsidir. Eritropoez inhibitorları akkumulyasiya edərək, eritropoetinin miqdarının azalması ilə əlaqədar meydana çıxan effektləri daha da dərinləşdirir. Xroniki böyrək çatışmazlığı zamanı qan zərdabında ferritinin miqdarı arta bilər, lakin əgər zərdab ferritininin miqdarı <500 mkq/l təşkil edirsə, xəstəyə yenə də yanaşı olaraq dəmir əlavəsi və eritropoetin stimulyasiyaedici preparat təyin edilməlidir.[26]

  • Anemiyanın digər səbəbləri də mövcud ola bilər. İkincili hiperparatiroidizm böyrək çatışmazlığı xəstələrində anemiyanı kəskinləşdirir, lakin bunun hansı mexanizm əsasında baş verdiyi naməlumdur. Yanaşı hiperparatiroidizm aradan qaldırılmalıdır, belə ki, bu vəziyyətin müalicəsi anemiyanın müalicəsinə də müsbət təsir göstərir.[26] Xroniki qanitirmə, iltihab və qidalanma defisiti dəmir defisitli anemiyaya səbəb olur (normositar deyil, daha çox mikrositar olur). Çox vaxt xəstədə zülal qəbulunun azaldılmasına ehtiyac olur ki, bu da, qida rasionunda ətin və dəmirin azalmasına səbəb olur. Dəmirin sovrulması da pisləşə bilər. Eritropoetin terapiyası və xroniki iltihab funksional dəmir defisitinə səbəb ola bilər. Bu hal, dəmir depolarının effektiv şəkildə mobilizasiya edilə bilməməsindən yaranır.

Xroniki qaraciyər patologiyası

  • Yüngül və ya orta ağırlıqlı qeyri-meqaloblastik makrositar anemiya bir sıra qaraciyər xəstəliklərinin tez-tez rast gələn əlamətidir və həcmin artması hesabına damardaxili durulaşma, eritrosit məhvinin artması və sümük iliyinin kompensator mexanizmlərinin zədələnməsinin kombinasiyası nəticəsində törənir.

Hipotireoz

  • Tiroid hormonlarının eritropoezə tənzimləyici təsirinin azalması ilə əlaqədar yüngül dərəcəli normositar anemiyaya səbəb olur.

İmmun reaksiyalar

Autoimmun hemolitik anemiya[27][28]

  • Autoanticisimlər eritrositlərə hücum edərək, onları hədəfə alır və damardankənar şəraitdə onları parçalayır. Bu, adətən, ya digər autoimmun vəziyyətlərin (məs., sistemli qırmızı qurdeşənəyi, revmatoidli artrit və ya sklerodermiya), ya da limfoproliferativ pozğunluğun (adətən, qeyri-Hoçkin limfoması və ya xroniki limfoleykoz) fonunda meydana çıxır.

  • Autoimmun xəstəliklər təmiz eritrositar aplaziyaya da səbəb ola bilərlər.

Alloimmun hemolitik anemiya

  • Adətən, qanköçürmə reaksiyalarının fonunda, qan qrupları arasındakı uyğunsuzluqla əlaqədar meydana çıxır.

İnfeksiyalar

Sitomeqalovirus, infeksion mononukleoz və toksoplazmoz daxil olmaqla, bir sıra infeksiyalar zamanı hemolitik anemiya baş verə bilər. Leyşmanioz zamanı həm eritrositlərin hemolizi, həm sümük iliyinin supressiyası, həm də qanitirmə baş verir.

Saf eritrositar aplaziyanın səbəblərinə parvovirus B19 infeksiyası, infeksion mononukleoz, virus hepatiti, malyariya,[29] tənəffüs sistemi infeksiyaları, qastroenterit, birincili atipik pnevmoniya və parotit aiddir.

Genetik pozğunluqlar

Talassemiya[30][31]

  • Hemolitik anemiya. Hemolitik anemiyalar hemoqlobin hüceyrəsində alfa-qlobin (alfa-talassemiya) və ya beta-qlobin (beta-talassemiya) zəncirinin sintezinin azalması və ya ümumiyyətlə olmaması ilə nəticələnən bir qrup autosom-resessiv genetik pozğunluqlardır. Qlobin sintezinin azalması və ya olmaması eritropoezin pozulması ilə nəticələnir. Eritrositlərin parçalanması artır və hemolitik anemiya baş verir.

  • Alfa-talassemiyanın ən azı 4 müxtəlif varianti ayırd edilir: gizli daşıyıcılıq (bir alfa-qlobin geninin zədələnməsi) - bu zaman anemiya baş vermir; alfa-talassemiya tipi (iki alfa-qlobin geninin zədələnməsi); Hb H xəstəliyi (adətən, üç alfa-qlobin geninin zədələnməsi) və həyatla bir araya sığmayan Hb Bart dölün hidropsu sindromu (adətən, dörd alfa-qlobin geninin hamısının kənarlaşdırılması). Alfa-talassemiya tipində spesifik defekti aşkarlamaq üçün PZR DNT müayinəsi və Cənubi blot müayinəsindən istifadə edilə bilər.[32]

  • Kliniki və hematoloji əlamətlərdən asılı olaraq, beta-talassemiya gizli daşıyıcılıq, beta-talassemiya minor, beta-talassemiya intermedia və ya beta-talassemiya mayor olaraq ayırd edilir. Xəstəliyin ağırlıq dərəcəsi patologiyanın əsasında duran mutasiyadan asılı olub, asimptomatik hallardan (gizli daşıyıcılar və beta-talassemiya minor zamanı) skelet dəyişikliklərilə müşayiət olunan ağır dərəcəli transfuziyadan asılı anemiyayadək (beta-talassemiya mayor) dəyişir. Qeyd edilməlidir ki, dəmir defisiti olduğu zaman HbA2-nin norma həddində olması beta-talassemiya tipini istisna etmir. Hemoqlobin F-in miqdarının artması elektroforez vasitəsilə asanlıqla aşkar edilə bildiyinə görə, adətən, genetik müayinə aparılmır.

Oraq hüceyrəli anemiya[30]

  • Hemoqlobinin beta zəncirində (HbA) bir ədəd autosom-resessiv genin defekti zamanı yaranan və oraqvari hüceyrə hemoqlobininin əmələ gəlməsinə səbəb olan hemolitik anemiyadır. Tərkibində oraqvari hüceyrə hemoqlobini olan eritrositlər sərtləşir və orağabənzər forma alır.

  • Xəstədə rigid, deformasiyaya uğramış eritrositlər hesabına vazookklüziya epizodlarına və onu müşayiət edən leykositoz hesabına protrombotik vəziyyətə meyllilik olur ki, bu da sitokin ifrazını artırır. Əsas əlamətləri qarın, döş qəfəsi və ya skeletdə davamlı ağrının olması və daktilitdən ibarətdir.

İrsi sferositoz

  • Eritrositlərin irsi autosom-dominant anomaliyası tərəfindən törədilən və eritrosit membranlarındakı skelet zülallarının defekti ilə nəticələnən hemolitik anemiyadır. Nəticədə, eritrositlər ikitərəfli qabarıq quruluşunu itirir və sferik forma alır (sferositlər). Sferositlər kövrək olub, selektiv olaraq dalaq tərəfindən kənarlaşdırılır və məhv edilir. Eritrositlərin parçalanmasının intensivləşməsi hiperbilirubinemiya və splenomeqaliya ilə müşayiət olunan anemiya ilə nəticələnir.

  • Membran defektinin ağırlıq dərəcəsindən asılı olaraq, xəstəliyin ağırlıq dərəcəsi asimptomatik hallardan sarılıqla müşayiət olunan transfuziyadan asılı anemiyayadək dəyişir.

Qlükoza-6-fosfat-dehidrogenaza (Q6FD) defisiti[33]

  • Ferment çatışmazlığı ilə əlaqədar irsi (X xromosomu ilə əlaqədar) hemolitik anemiyadır və dünyanın hazırda və ya keçmişdə tez-tez malyariya təsadüf edən regionlarında, məsələn, Afrikanın yarımsəhra əraziləri, Aralıq dənizi hövzəsi və Orta Şərqdən olan əhalisi arasında tez-tez rast gəlir.

  • Q6FD hüceyrənin əsas qoruyucu antioksidantı olan reduksiya olunmuş qlütation sintezində iştirak edən reaksiyanı kataliz edir. Bu fermentin defisiti həyat dövrünün sonuna yaxın hüceyrəni oksidant zədələrinə həssas edir. Eritrositlərin antioksidant müdafiəsini müstəsna olaraq reduksiya olunmuş qlütation təmin edir, ona görə də, Q6FD defisiti eritrositlərin parçalanmasını artırır.

  • Xəstəliyin ağırlıq dərəcəsi onun əsasında duran mutasiyanın ağırlıq dərəcəsindən asılı olaraq müxtəlifdir. Əksər xəstələrdə asimptomatik forma müşahidə edilir. Xəstəliyin simptomatik formasında oksidant stresindən sonra qanazlığı və sarılıqla müşayiət edilən kəskin hemoliz epizodları baş verir. Təkanverici amillərə at paxlası (favizm), kükürd tərkibli dərman preparatları, aspirin, nitrufurantoin, naftalen və febril xəstəlik aiddir. Nəticədə meydana çıxan hemoliz, adətən, öz-özünə sağalır. Həyat üçün təhlükə törədən simptomlar Aralıq dənizi variantında daha çox rast gəlir.

Sümük iliyinin anadangəlmə çatışmazlığı sindromları

  • Ən çox rast gələn Fankoni anemiyasıdır. Adətən, autosom-resessiv olur, lakin X xromosomu ilə də əlaqəli ola bilər. 13 gendə mutasiyalar müəyyən edilmişdir. Bu genlər DNT-nin zədələnməsinə qarşı cavab reaksiyasında iştirak edən nüvə kompleksini əmələ gətirən zülalları kodlaşdırır. Bununla belə, qeyd edilən mutasiyaların sümük iliyində dəqiq olaraq hansı mexanizmlər əsasında pozğunluq törətdiyi məlum deyil.

  • Anadangəlmə diskeratoz anormal dırnaqlar, retikulyar dəri səpgiləri və leykoplagiyadan ibarət simptomlar triadası ilə səciyyələnir. X xromosomu ilə əlaqəli autosom dominant və autosom resessiv irsilik xüsusiyyətləri aşkar edilmişdir. Bu genetik defektlərin hamısında telomerazanın funksiyası azalır. Telomerlər xromosomun stabilliyini təmin edir və sümük iliyi yüksək miqdarda hüceyrə proliferasiyası nümayiş etdirə bilmək üçün telomerazanın qorunmasından əhəmiyyətli dərəcədə asılıdır. Telomerazanın itkisi sümük iliyi çatışmazlığına səbəb olur.

  • Şvaxman-Daymond sindromu nadir autosom resessiv xəstəlikdir və mədəaltı vəzinin xarici sekresiya funksiyasının pozulması, anemiya, neytropeniya (fasiləli ola bilər) və skelet anomaliyaları ilə nəticələnir. Xəstələrin 90%-də SBDS geni adı ilə tanınan gendə mutasiya baş verir, lakin bu mutasiyanın sümük iliyinin çatışmazlığı ilə əlaqəsi aydın başa düşülmür.

Mikrodamar patologiyası

Hemolitik-uremik sindrom (HUS)[34]

  • Qlomerulyar yatağın endotel qişasının zədlənməsi hemolitik anemiya (eritrositlərin fraqmentasiyası və deformasiyası nəticəsində), trombositopeniya (trombositlərin sərfi hesabına) və nefropatiya ilə nəticələnir.

  • Səbəblərinə Escherichia coli tərəfindən sintez edilən verotoksinlər, streptokok növləri tərəfindən sintez edilən neyraminidaza, komplementə nəzarət edən zülalların irsi defektləri və dərman preparatları (siklosporin və bir sıra kimyəvi terapiya preparatları) aiddir.

Disseminə olunmuş damardaxili laxtalanma (DDL)[34][35]

  • Laxtalanma mexanizmlərinin aktivləşməsi ilə gedən və damardaxili trombların formalaşması və trombosit və laxtalanma faktorlarının tükənməsilə gedən qazanılmış sindromdur.

  • Disseminə olunmuş damardaxili laxtalanma (DDL) sindromuna ciddi travma; yanıqlar; orqan çatışmazlığı (pankreatit, kəskin qaraciyər çatışmazlığı); sepsis[36] və ya ağır infeksiya, ağır mamalıq patologiyası (dölyanı maye embolizmi, eklampsiya, plasentanın soyulması, uşaqlıqda ölü döl sindromu), bədxassəli pozğunluqlar (kəskin miyeloleykoz və ya metastatik musin sekresiya edən adenokarsinoma), əhəmiyyətli vaskulyar pozğunluqlar (hemangiomalar, genişhəcmli aorta anevrizmaları) və ağır toksiki və immunoloji reaksiyalar təkan verə bilər.

  • Kiçik damarlarda laxtaların yaxınlığında eritrositlərin fraqmentasiya və deformasiyası nəticəsində hemolitik anemiya meydana çıxır.

Trombotik trombositopenik purpura (TTP)[34][37]

  • Mikroangiopatik hemolitik anemiya və trombositopenik purpuradan təşkil olunmuş kliniki sindromdur.

  • Hesab edilir ki, anormal dərəcədə böyük fon Villebrand faktoru (fVF) multimerlərinin sintezi nəticəsində baş verir. Anormal fVF dövran edən trombositlərin yüksək damardaxili parçalanma stresi olan nöqtələrində toplanması və nəticədə mikrodamar sistemində trombların formalaşmasına təkan verir.

  • Kiçik damarlarda laxtaların yaxınlığında eritrositlərin fraqmentasiya və deformasiyası nəticəsində hemolitik anemiya meydana çıxır. Trombositlərin həddən artıq sərfiyyatı nəticəsində trombositopeniya; az sayda xəstələrdə purpura və qanaxmanın digər əlamətləri meydana çıxır. Mikrosirkulyator axında trombun əmələ gəlməsi də mərkəzi sinir sisteminin (MSS) ağır simptomlarına və böyrək xəstəliyinə səbəb olur.

Hemangiomalar[34]

  • Bunlar damar şişləridir və anormal angiogenez və qan damarlarının həddən artıq proliferasiyası nəticəsində meydana çıxırlar. Onlar aydın səthi yaralardan daxili orqanların hemangiomalarına qədər dəyişkəndir.

  • Fəsadlaşma olaraq yerli sərfiyyat koaqulopatiyası (Kasabax-Merrit sindromu) baş verə bilər ki, bu da trombəmələgəlmə və trombositopeniya ilə nəticələnir. Kiçik damarlarda laxtaların yaxınlığında eritrositlərin fraqmentasiya və deformasiyası hemolitik anemiyaya səbəb ola bilər.

  • Kasabax-Merrit sindromu ağır hallarda DYL də törədə bilər.

Bədxassəli hipertoniya

  • Həyati vacib orqanların funksiyalarının sürətli pisləşməsilə gedən, sistolik AT-nin >210 mm.c.süt., diastolik AT-nin isə >130 mm.c.süt. olması ilə səciyyələnən təxirəsalınmaz hipertenziv vəziyyətdir. Tez-tez rast gələn səbəblərinə müalicə edilməyən essensial hipertoniya, böyrək xəstəliyi, eklampsiya, simpatomimetik dərman preparatları və monoaminoksidaza inhibitorlarının istifadəsi aiddir. Xəstəlik yaşlı şəxslər, kişilər və qara dərililərdə daha çox rast gəlir.

  • Endotel qişanın zədələnməsi və burada fibrin depolaşmasına səbəb olur. Yüksək təzyiq və kiçik damarlarda fibrin toplanması hesabına eritrositlərin mexaniki deformasiya və fraqmentləşməsi hemolitik anemiya ilə nəticələnir.

Qapaq protezləri və səthlər[38]

  • Deformasiya stresi və yad səthlər tərəfindən törədilən turbulentlik eritrositlərin deformasiya və fraqmentasiyası ilə nəticələnir. Protezlərin təkmilləşdirilməsi bu ağırlaşmanın insidentliyini azaltmışdır və əgər anemiya baş verərsə, adətən yüngül xarakterli olur.

Digər səbəblər

Hamiləlik[39]

  • Hamiləlik zamanı plazmanın həcmi artdığına və eritrositlərin plazmaya nisbəti azaldığına görə, durulaşma effekti baş verə və bu da qanazlığı ilə nəticələnə bilər. Bu effekti nəzərə alaraq, hamiləlik zamanı anemiya Hb-nin <10 q/dl olması kimi müəyyən edilir. 95% halların etiologiyasında dəmir defisiti durur, belə ki, hamiləlik zamanı dəmirə olan tələbat artır və qadınların 1/3-də hamiləliyin 3-cü trimestrinədək ya dəmir, ya da fol turşusu defisiti baş verir.[40]

  • Bunun, effektiv müalicə zamanı hamiləlikdə ciddi problem olmasına baxmayaraq, ana və körpələrin xəstələnmə göstəricisinin azaldılması nöqteyi nəzərindən hamiləlik zamanı anemiyanın skrininqinə dair milli proqramların faydaları barədə keyfiyyətli dəlillər mövcud deyil.[41]

Termiki yanıqlar

  • Bədən sahəsinin 10%-dən çoxunun yanığı zamanı xəstədə eritrositlərin damardaxili hemolizi (yanıq nahiyəsində və sistemli olaraq), trombəmələgəlmə hesabına eritrosit itkisi və ifraz olunan sistem proteazalar və sərbəst oksigen radikalları vasitəsilə eritrositlərin zədələnməsi nəticəsində hemolitik anemiya baş verə bilər.[42]

Xəstəxanadaxili anemiya

  • İlkin hemoqlobin göstəricisi normal olan hospitalizasiya edilmiş xəstələrdə yeni başlanmış anemiyadır. Xəstəxanadaxili anemiya (XDA) tipik olaraq flebotomiya sayının artması, eləcə də, invaziv prosedurlar və ya qanın durulaşması hesabına yatrogen qanitirmə nəticəsində meydana çıxır. Xəstəliyə cavab reaksiyası olaraq yaranmış kəskin iltihablı kompensator eritropoezi azaldır. XDA ilə xəstələnmə göstəriciləri və xəstəxanada qalma günlərinin sayının artması ilə əlaqədardır.[43]

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.