Təcili nəzərə alınmalı məqamlar

Əlavə təfsilatlar üçün Differensial diaqnostikaya bax.

Ümumi qan həcminin 40%-dən çoxunun itirilməsi zamanı anemiya həyat üçün təhlükə törədir. Stabilləşdirilmə məqsədilə, xüsusilə yanaşı ürək və ya ağciyər patologiyaları mövcud olan xəstələrə qablaşdırılmış eritrositar kütlə köçürülməlidir. Mümkün olduqda, qanköçürmədən əvvəl retikulositlərin sayı, ferritinin miqdarı və periferik yaxma müəyyən edilməlidir, belə ki, bu, növbəti işləri daha dəqiq həyata keçirməyə imkan verir. Toxuma zədələnməsi nəticəsində durulaşma və ya sərfiyyat koaqulopatiyası kütləvi transfuziyalar zamanı trombosit və laxtalanma faktorlarının (V, VIII faktorları və fibrinogen) azalması hesabına meydana çıxır və bu faktorların əlavə edilməsi vasitəsilə korrelyasiya edilməlidir.

Adətən, sağlam şəxslərdə ekstremal anemiyaya dözümlülük yaxşı olur, burada kardiovaskulyar status əsas məhdudlaşdırıcı amildir. Əhəmiyyətli tədqiqat olan TRICC tədqiqatı göstərmişdir ki, aktiv qanaxması olmayan hemodinamik stabil xəstələrdə hemoqlobin səviyyəsinin 7-9 q/dl arasında olmasına qarşı davamlılıq yaxşı olmuş və yüngül transfuziya tələb edən <10 q/dl göstərici ilə müqayisədə, xəstələnmə/ölüm göstəriciləri analoji və ya aşağı olmuşdur.[44] Adətən, transfuziyaya zərurətin müəyyən edilməsi üçün sırf hemoqlobin göstəricilərindən daha çox xəstəliyin ağırlıq dərəcəsini ifadə edən parametrlərə istinad edilməsi tövsiyə olunur. AABB-nin kliniki təlimatları (əvvəllər Qan Banklarının Amerika Assosiasiyası kimi tanınırdı) əgər kəskin koronar sindrom, ağır trombositopeniya və ya qan transfuziyasına xroniki asılılıq yoxdursa hemodinamik stabil xəstələrə qan köçürülməsi həddini 70 q/l (7 q/dl) və ortopedik və ya ürək cərrahiyyəsinə məruz qalan xəstələrə 80 q/l (8 q/dl) ilə məhdudlaşdırmağı tövsiyə edirlər.[45] Tac arteriyaların işemik xəstəliyi və septiki şokun reanimasiyasında transfuziya üzrə keçid göstəricilərinə dair fikirlər ziddiyyətlidir.

Kəskin qanitirmə

Kəskin qanaxmanın ən çox rast gələn səbəblərinə travma (güllə yarası, iri sınıqlar və avtoqəza xəsarətləri də daxil olmaqla), kəskin mədə-bağırsaq (MB) qanaxması, damar anevrizmasının cırılması (xüsusilə, aortanın qarın şöbəsinin anevrizması) və yeni keçirilmiş cərrahi əməliyyatlar aiddir. Hər hansı başqa tədbirin görülməsindən əvvəl qanaxmanın cəld müayinəsi, aşkarlanması və ona nəzarət vacibdir. Durulaşma effekti kəskin proses deyil, ona görə də, hemoqlobin və hematokrit göstəriciləri qanitirmə və qanazlığı haqqında dəqiq nəticə çıxarmağa imkan vermir. Kristalloidlər vasitəsilə dövran edən qanın həcminin bərpası (itirilmiş qanın təxmin edilən miqdarından 2-4 dəfə artıq), arterial təzyiqin adekvat səviyyədə saxlanılması və toxuma perfuziyası da daxil olmaqla, erkən məqsədyönlü terapiya vasitəsilə həyati vacib orqanların perfuziyası qorunub-saxlanılmalıdır.

Bir metaanaliz vasitəsilə müəyyən edilmişdir ki, irihəcmli maye reanimasiyalarında həcm yüklənməsinin hidroksietil nişasta məhsulları ilə azaldılması kəskin böyrək zədələnməsi və ölüm riskinin artması ilə əlaqədardır.[46]İnfuziya üçün hidroksietil nişasta (HEN) məhlulları Avropa İttifaqında məhduddur və kritik vəziyyətdə olan xəstələr və sepsis və ya böyrək çatışmazlığı olan xəstələr üçün əks-göstərişdir. Bu tədbirlər HEN ilə əlaqəli böyrək zədələnməsi olan və ölüm üzrə yüksək riskli xəstələrin müdafiəsi üçün tətbiq edilmişdir.[47] 2018-ci ilin yanvar ayında European Medicines Agency's Pharmacovigilance Risk Assessment Committee tərəfindən məhdudiyyətlər tətbiq edilmişdir; Komitə hidroksietil nişastanın satışdan çıxarılmasını tövsiyə etmişdir, cünki ilkin xəbərdarlığa baxmayaraq, o, hələ də bu risk qruplarında istifadə edilirdi.[48]

Mümkün qədər tez bir zamanda çarpaz uyğunlaşdırılmış qan (və ya əgər belə qan yoxdursa, O faktoruna görə mənfi qan) köçürülməlidir.

Bundan əlavə, ciddi travmadan sonrakı qanaxma koaqulyasiyanın dəstəklənməsi və monitorinqini, həmçinin, yerli hemostatik tədbirlər, turniketlər, kalsium, desmopressin və traneksam turşusunun nəzərdən keçirilməsini tələb edir.[49][50]

Travmadan sonra 3 saat ərzində verildikdə, traneksam turşusunun travması olan qanaxmalı xəstələrdə ölüm göstəricisini azaltdığı göstərilmişdir və travma ilə bağlı ağır kəskin qanaxmalı xəstələrə o, mümkün qədər tez yeridilməlidir.[49][51]Travmatik qanaxma və ya doğuşdan sonrakı qanaxmalar olan 40 000-dən çox xəstə məlumatlarının metaanalizi aşkar etmişdir ki, traneksam turşusu qəbulunun ləngidilməsi sağqalma göstəricilərinin aşağı olması ilə əlaqəlidir (müalicənin 3 saat ərzində ləngidilməsi hər 15 dəqiqədə sağqalma göstəricisini təxminən 10% azaltmışdır ki, bu müddətdən sonra isə heç bir fayda olmamışdır).[52]

Kəskin hemorragiyanın yekun müalicəsi ilkin səbəbdən asılıdır, lakin adətən, cərrahi müdaxilə tələb edir.

Mikroangiopatik hemolitik anemiyalar

Hemolitik uremik sindrom, damardaxili yayılmış laxtalanma (DYL) və trombotik trombositopenik purpura (TTP) həyat üçün təhlükə törədən sürətli hemolizə səbəb olur.[34] Prosesin əsasında duran pozğunluq tez bir zamanda müəyyən edilməli və müalicə terminal orqan zədələri və ölüm ehtimalının minimallaşdırılmasına yönəldilməlidir. DYL-in müalicəsi əsas patologiyanın növündən asılıdır. Əgər hemolitik uremik sindroma və ya TTP-yə şübhə varsa, kortikosteroidlər və immunosupressiv preparatların təyininə başlanılmalıdır. Autoanticisimlərin cəld klirensi üçün venadaxili immunoqlobulinlər (VDİQ) və ya təcili plazmafarez zəruri ola bilər. Qanköçürmədən əvvəl anticisimlərin skrininq müayinəsi aparılmalıdır. Əlavə alloimmun hemolizinin qarşısının alınması üçün anticisimlərdən təmizlənmiş qan məhsulları istifadə edilməlidir.

Bədxassəli hipertoniya

Bu vəziyyət ekssudat və qansızmalar istisna olmaqla, gözün torlu qişasında ikitərəfli dəyişikliklərlə (görmə məməciyinin ödemi ilə müşayiət olunan və ya olunmayan) gedən çox yüksək arterial təzyiqlə xarakterizə edilir. Ən çox rast gələn əlamətlərinə başağrı (çox vaxt ənsə nahiyəsində), görmə pozğunluqları, döş qəfəsində ağrı, təngnəfəslik və nevroloji defisitlər aiddir. Nəticələrinə baş beyin infarktı və ya qansızma, tranzitor korluq və ya ifliclər, qıcolmalar, stupor və ya koma aiddir. Təxirəsalınmaz hipertenziv vəziyyətlərdə terapiyanın ilkin məqsədi orta arterial təzyiqin 25%-dən artıq olmamaq şərtilə (bir neçə dəqiqədən bir saatadək müddətdə), daha sonra stabil olarsa, növbəti 2-6 saat ərzində 160/100-110 mm.c.süt.-dək endirilməsidir. Seçim preparatı labetaloldur.

Oraqvari hüceyrələr tərəfindən vazookklüziv krizis

Bu, oraqvari hüceyrə anemiyasının tez-tez rast gələn ağırlaşması olaraq, güclü ağrı ilə təzahür edir ki, bu da soyuqdəymə, dehidratasiya, infeksiyalar və ya işemiya (çox vaxt fiziki gərginlik ilə əlaqədar) ilə müşayiət olunur. Bu krizis sümük infarktı və ya avaskulyar nekroz nəticəsində, xüsusilə bud və ya kürək sümüyündə skelet ağrılarına səbəb ola bilər. Digər təzahür variantlarına abdominal ağrı və kəskin döş qəfəsi sindromu daxildir ki, bunları da kliniki olaraq pnevmoniyadan fərqləndirmək mümkün deyil. Müalicəsinə adekvat analgeziya, peroral və ya venadaxili mayelərlə hidratasiya, oksigen təyinatı və əsas patologiyanın müalicəsi aiddir.

Kombinəolunmuş vitamin B12 və fol turşusu defisiti

Əgər xəstədə fol turşusu defisiti varsa, fol turşusu təyin edilməzdən əvvəl yanaşı olaraq vitamin B12 defisitinin olub-olmadığı da mütləq qaydada yoxlanılmalıdır. Hesab edilir ki, fol turşusu tərkibində vitamin B12 olan fermentlərin inhibisiyasını gücləndirir və beləliklə, B12 ilə əlaqədar neyropatiya və onurğa beyninin kombinəolunmuş yarımkəskin degenerasiyasını daha da proqressivləşdirir.[53] Əgər vitamin B12-nin səviyyəsi normaldırsa, vitamin B12 defisitinin dəqiq istisna edilməsi üçün metilmalon turşusunun miqdarı yoxlanılmalıdır, belə ki, bu, sözügedən defisiti aşkarlamaq üçün ən həssas müayinədir. Qan zərdabında metilmalon turşusunun miqdarının artması vitamin B12 defisitini göstərir. Bu zaman anamnezdə böyrək çatışmazlığının olması istisnadır, çünki, qeyd edilən halda qeyri-adekvat böyrək klirensi ucbatından titr süni olaraq arta bilər.

Leykemiyalar və ya aplastik anemiya

Adətən, normositar anemiya və yanaşı neytropeniya və trombositopeniya ilə təzahür edir. Periferik yaxmada dövran edən blast hüceyrələr görünə bilər. Əgər bu vəziyyətlərə şübhə varsa, sümük iliyi biopsiyası və flousitometriya tədqiqatlarının aparılması üçün dərhal hematoloji konsultasiya tələb olunur. Əgər anemiya ilə əlaqədar qanköçürmə tələb olunursa, yalnız tərkibində leykositlərin miqdarı azaldılmış və şüalandırılmış qan məhsullarından istifadə edilməlidir, belə ki, qeyd edilən xəstələr transplantasiyaya namizəd ola bilərlər.[20][54]

Fizioloji ehtiyatların azalması

Fizioloji ehtiyatları azalmış xəstələrin, məsələn, yanaşı ürək-damar və ağciyər patologiyası olanların aşkarlanması vacibdir, çünki bu xəstələrdə qanazlığına tolerantlıq daha azdır və simptomları daha ağır dərəcəli olur.

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.