Yanaşma

Qrip alovlanmaları şimal yarımkürəsində əsasən dekabr-mart, cənub yarımkürəsində isə may-sentyabr aylarında baş verir. Xəstədə qrip ehtimalını qiymətləndirərkən yerli şəraitdə xəstəliyin aktivliyi barədə məlumatlar əhəmiyyət kəsb edir. ABŞ-da XNPM tərəfindən qrip üzərində epidemioloji nəzarətə dair həftəlik hesabat dərc olunur CDC: FluView: weekly influenza surveillance report external link opens in a new window və həmçinin, ÜST qrip infeksiyasına nəzarət edir və xəstələnmə göstəriciləri barədə məlumat verir.

Diaqnoz adətən, icmada alovlanma olduqda klinika əsasında qoyulur. Xroniki ağciyər, ürək və ya böyrək xəstəliklərindən əziyyət çəkənlər, körpə və azyaşlı uşaqlar və ahıl yaşlı şəxslər də daxil olmaqla, ağırlaşmaların inkişaf etmə riski yüksək olan xəstələrə xüsusi diqqət tələb olunur.[15] Qripin laborator müayinəsi antiviral terapiyanın başlanması, əlavə diaqnostik müayinələrin aparılması, infeksiyaya nəzarət tədbirlərinin icrası və ya icmada qripin sirkulyasiyasının müşahidəsinə dair qərarlara təsir edəcəyi təqdirdə aparılmalıdır.[76]

Anamnez və müayinə

Qrip ən çox qış mövsümündə kəskin respirator xəstəlik şəklində təzahür edir. Təxminən 2 gün davam edən inkubasiya dövründən sonra qəfil başlanan yüksək hərarət, üşütmə, baş ağrısı və əzələ ağrıları müşahidə edilir. Qeyd edilən sistemli əlamətlər yuxarı və aşağı tənəffüs yollarının öskürək və boğaz ağrısı kimi soyuqdəymə əlamətləri ilə də əlaqəli ola bilər.[77] Qrip zamanı virusun ətrafa yayılması xəstəliyin ilk 48 saatı ərzində pik həddə çatır və fəsadsız keçən əksər hallarda 1 həftə ərzində sağalma müşahidə edilir.[78] Pediatrik xəstələr istisna olmaqla, adətən, qrip ürəkbulanma və qusma kimi ilkin mədə-bağırsaq əlamətləri ilə müşayiət olunmur. Qrip zamanı ishal nadir rast gəlir və çox vaxt mədə qripi adlandırılan viruslu qastroenteritin göstəricisi olur.

Məlum qrip alovlanması zamanı kəskin hərarət və respirator əlamətləri olan istənilən şəxs qripə şübhəli hesab edilməlidir və çox vaxt diaqnoz klinika əsasında daha əminliklə qoyula bilər. Bununla belə, əgər şəxs qripə yoluxmuşdursa və ya qripin daha sürətlə yayılması təhlükəsi varsa (məsələn, beynəlxalq səfər zamanı və ya kruiz gəmilərində), ilin istənilən vaxtı qrip diaqnozu nəzərdə saxlanılmalıdır.

Qripin heç bir aydın patoqnomonik əlaməti olmasa da, o, sistemli əlamətlərlə birlikdə yuxarı və aşağı tənəffüs yollarını zədələyir. Boğaz ağrısı kimi yuxarı tənəffüs yolları və öskürək kimi aşağı tənəffüs yolları simptomlarını tez-tez hərarət, başağrı, əzələ ağrısı və yorğunluq kimi əlamətlər müşayiət edir.[79] Bu əlamətlər qrip xəstələrinin hamısında olmaya bilər və əksinə, bu əlamətlərin olduğu xəstələrin hamısında qrip olmaya bilər. Ümumilikdə, qrip xəstələrinin təxminən 85%-də qripin kliniki əlamətləri müşahidə edilir. Qrip infeksiyasının manifestasiyaları həm də xəstənin yaşı və immun statusundan asılıdır.[79][77]

Sporadik qrip hallarında qripi digər respirator viruslar tərəfindən törədilən infeksiyalardan fərqləndirmək çətin ola bilər. Bu ssenaridə qrip virusu infeksiyası belə xəstəlik hadisələrinin yalnız kiçik bir faizini təşkil edə bilər. 1992-1994-cü illərdə müəyyən ərazidə yaşayan 497 ahıl yaşlı xəstədə yuxarı tənəffüs yollarının infeksiyası hallarının nəzərdən keçirilməsi zamanı bunların cəmi 43%-də patogenin identifikasiya olunduğu müəyyən edilmişdir. Ən çox rast gələn törədicilərə rinoviruslar (52%) və koronaviruslar (26%) aid olmuş, A və B qrip virusları isə cəmi 10% təşkil etmişdir.[80]

Kliniki məlumatlar əhəmiyyətli olsa da, onlar qrip diaqnozunu təsdiqləmə və ya inkar etməyə imkan vermir.[77] Müayinə zamanı qeyri-spesifik göstəricilər aşkar oluna bilər, belə ki, qrip zamanı fiziki əlamətlər, adətən, çox olmur. Xəstədə istilik və hiperemiya, ağız-udlaq nahiyəsində qızartı və boğazda güclü ağrı şikayəti ola bilər. Yüngül dərəcəli boyun limfadenopatiyası rast gələ bilər və bu hal nisbətən cavan xəstələrdə daha çox təsadüf edir.

Laborator müayinələr

Laborator müayinələrin məqsədi antibiotiklərin yersiz istifadəsinin azaldılması və antiviral terapiya seçiminin təklif edilməsidir. Diaqnostik müayinə müşahidə tədbirləri ilə birlikdə qrip törədicisinin sirkulyasiya edən əsas tip, subtip və ştammlarını da müəyyən etməyə imkan verir.[76]

  • Qripin ağırlaşmalarının inkişaf etmə riski yüksək olan şəxslərdə və kəskin febril xəstəlik (5 günədək) müşahidə olunanlarda ambulator şəraitdə laborator müayinə nəzərdə saxlanılmalıdır.

  • İstənilən davametmə müddətinə malik febril respirator xəstəliyi olan immunokompromisli ambulator xəstələr, ahıl yaşlı şəxslər, körpələr və uşaqlar alovlanma dövründə qripə görə skrininq müayinəsindən keçirilməlidirlər.

  • Hərarətlə hospitalizasiya edilən və ya xəstəxanada respirator infeksiya ilə əlaqədar febrilitet inkişaf edən xəstələrdə qripə görə skrininq müayinəsi aparılmalıdır.

Qripin müayinəsi üçün diaqnostik testlərə virus kulturası, seroloji müayinə, cəld antigen sınaqları, PZR və immunoflüoressent sınaqlar aiddir.[76][81]

Virusun təcrid edilməsi üçün tənəffüs yollarının burun-udlaq şöbəsindən material götürülməsi tövsiyə olunur. Boğaz yaxmaları ilə müqayisədə, bunlar daha effektivdir. Ekspress diaqnostik müayinələr mövcud olsa da, virus kulturası təsdiqləyici sınaq olaraq qalmaqdadır. Nəticənin alınması üçün 72 saatadək müddət tələb olunduğuna görə ilkin kliniki müalicə üçün çox istifadə edilmir. Bu müayinə daha çox təsdiqləyici üsul kimi və ictimai səhiyyə müşahidəsi üçün istifadə olunur. Qrip viruslarının sirkulyasiya edən ştammları və subtipləri ilə bağlı spesifik məlumat alınması yalnız kultura izolyatlarını əldə etməklə mümkündür. Həmçinin, virus izolyatları potensial pandemiyalara yol açan antiviral rezistentliyin inkişafı və yeni A tipli qrip viruslarının əmələ gəlməsi barədə məlumat əldə etməyə imkan verir.

Xəstəliyin ilk 4 sutkası ərzində müayinə üçün ambulator şəraitdə burun yaxması, yuyuntusu və ya aspiratı götürülməlidir. Qripi müəyyən edən ekspress testlər 30 dəq və ya daha az müddət ərzində nəticə əldə etməyə imkan verir, virus kulturasının nəticəsi isə 3-10 sutka ərzində məlum olur. Qripi aşkarlayan ekspress testlərin həssaslığı və spesifikliyi müvafiq olaraq 70% və 90% təşkil edir.

Qripin standart seroloji müayinəsinə kəskin və rekonvalessent cüt zərdab materialının müayinəsi aiddir. Dəqiq kliniki qərarın verilməsi üçün bu müayinəyə ehtiyac yoxdur.

Qrip alovlanmaları zamanı tənəffüs sistemindən alınmış material həm ekspress sınaqlar, həm də virusun əkilməsi vasitəsilə yoxlanılmalıdır. Xəstəliyi törədən A qripinin subtipləri və A və B qripi ştammlarının müəyyən edilməsi, eləcə də, növbəti ildə qrip vaksininin tərkibinə daxil ediləcək yeni ştammların müşahidəsi üçün virus kulturası mühümdür. Həmçinin, virus kulturası xəstəliyin digər səbəblərinin identifikasiyasına da kömək edir.

Pnevmoniya

Əgər xəstədə hər hansı xroniki xəstəlik varsa və ya xəstə yüksək risk qrupuna daxildirsə, viruslu və ya bakterial pnevmoniyaya şübhə yaranmalıdır. Bu xəstələrdə simptomların normada ağırlaşmamış qripin sağalmasınadək keçən müddətdən daha uzun müddət davam etməsi müşahidə edilir. Yüksək hərarət, öskürək və təngnəfəslik ola bilər. Əgər hərarət və ya öskürək simptomları daha da kəskinləşərsə və irinli bəlğəm yaranarsa, böyük ehtimalla ikincili bakterial pnevmoniya baş vermişdir. Döş qəfəsinin rentgen müayinəsində infiltratlar təsdiq olunur.

Uşaqlarda diaqnostika

Prosesdə yuxarı və/və ya aşağı tənəffüs yollarının cəlb olunması əlamətləri tez-tez rast gəlir, lakin qrip uşaqlarda yaş və keçmişdə yoluxma olub-olmamasından asılı olaraq daha müxtəlif şəkildə keçə bilər.

Ağırlaşmamış qrip virusu infeksiyasının tipik simptomları yenə də mövcud olur və kəskin başlanan hərarət, başağrı, əzələ ağrısı və əzginlik, eləcə də, tənəffüs yolları xəstəliyinin manifestasiyaları, məsələn, öskürək, boğaz ağrısı və rinitdən ibarətdir.

Lakin çox vaxt azyaşlı uşaqlar başağrı və əzələ ağrısı kimi əlamətlərinin olduğunu ifadə edə bilmirlər. Böyüklərlə müqayisədə, onlarda hərarət daha yüksək ola, febril qıcolma baş verə və mədə-bağırsaq şikayətləri (məs., ürəkbulanma və qusma, iştahanın azalması) daha ön plana çıxa bilər.[2][82] Yeniyetmə və böyüklərlə müqayisədə, xəstəlik başlanan zaman respirator əlamətlər daha az nəzərə çarpır.[2]

Uşaqlarda aşkar olunan kliniki əlamətlərə hərarət, taxipnoe, konyunktivanın eriteması, burun ödemi və ifrazatı, ağız-udlağın hiperemiyası və boyun adenopatiyası aid edilə bilər.[83]

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.