Etiologiya

Mövsümi qrip vurusu ortomiksovirus ailəsinin nümayəndəsidir. O, seqmentli, təkzəncirli RNT genomuna malikdir, antigen müxtəlifliyinə görə A, B və C tipləri ayırd edilir. RNT özündə 5 struktur və 3 qeyri-struktur zülalını kodlaşdırır. Virusun A, B və C tiplərinə təsnif edilməsində M zülalı və NP nukleoproteininin elementlərindən istifadə edilir. Xəstəliyin patogenezində virusun strukturunun digər elementləri, hemaqqlütinin (H antigeni) və neyraminidaza (N antigeni) vacibdir. H antigeni virusun hüceyrəyə birləşməsi və onun içərisinə daxil olması üçün tələb olunur. N antigeni virusun yetişərək hüceyrədən xaric olmasına kömək edir.

A və B tipli mövsümi qrip virusları bir neçə yarımtipə bölünür. Bu yarımtiplər virusun üzərindəki H və N antigenləri ilə müəyyən olunur. H antigeninin 3 (H1, H2 və H3), N antigeninin isə 2 (N1 və N2) antigen subtipi vardır ki, bu da onların müxtəlif kombinasiyalarının yaranmasına imkan verir. H və ya N antigeninin bir yarımtipinə qarşı əmələ gələn anticisimlər digər tipli H və ya N antigenləri ilə reaksiyaya girmir.

C qrip virusu epidemiya və ya pandemiyalarla assosiasiya olunmur və yüngül xəstəliklə nəticələnir. A qripi virusu tez-tez (adətən, hər il) yerli, hər 2-3 ildən-bir isə daha böyük və müxtəlif miqyaslı epidemiyalar, ara-sıra isə pandemiyalar törədir. B qrip virusu, A qripinə nisbətən, daha yüngül xəstəlik törədərək, hər 4 ildən-bir baş verən alovlanmalara səbəb olur.[11] `Epidemiyalar, adətən, payızın axırından yazın əvvəlinə kimi baş verir.

Qrip virusunu təşkil edən zülallarda xırda nöqtəvi mutasiyalar antigen dreyfinə səbəb olur və məhz buna görə də, hər qrip mövsümündə yeni peyvəndlər tələb olunur. Yeni hemaqqlütinin və ya neyraminidazanın əmələ gəlməsilə səciyyələnən daha iri dəyişikliklər isə antigen şiftinə səbəb olur və pandemiya ilə nəticələnə bilər. Qrip virusunun müzakirəsi zamanı istifadə olunan xüsusi terminologiyaya qrip virusunun tipi, ilk yerləşmə yeri və ilk dəfə kəşf olunduğu il aiddir.

Patofiziologiya

Mövsümi qrip virusu tənəffüs yollarından öskürək, asqıraq və ya danışıq zamanı aerozollaşaraq xaric olan yoluxmuş damcılar vasitəsilə ötürülür. Nisbətən az hallarda yoluxma fomitlərlə təmas zamanı da baş verə bilər.[7]

Virus səthi hemaqqlütinin (H antigeni) vasitəsilə traxeya və bronxların kirpikli epitelinə birləşir və buraya daxil olur. Daha sonra virusun replikasiyası baş verir. Pik yoluxuculuq virusa yoluxduqdan 48-72 saat sonra müşahidə edilir, daha sonra azalır və 10 gün ərzində aşkar oluna bilməyəcək həddədək enir. Uşaqlar və immunokompromisli şəxslərdə virus bir neçə həftə ərzində ətrafa xaric edilə bilər.[12]

Təsnifat

Mövsümi qrip viruslarının növləri

Qrip virusu antigen müxtəlifliyinə görə A, B və C növlərinə təsnif edilir. Virusun strukturunu təşkil edən digər elementlərə hemaqqlütinin (H antigeni) və neyraminidaza (N antigeni) aiddir.

A və B tipli qrip virusları bir neçə yarımtipə bölünür. Bu yarımtiplər virusun üzərindəki H və N antigenləri ilə müəyyən olunur. H antigeninin 3 (H1, H2 və H3), N antigeninin isə 2 (N1 və N2) antigen subtipi vardır ki, bu da onların müxtəlif kombinasiyalarının yaranmasına imkan verir.

C qrip virusu epidemiya və ya pandemiyalarla assosiasiya olunmur və yüngül ağırlıq dərəcəsinə malik xəstəliklə nəticələnir.

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.