İlkin profilaktika

Cinsi əlaqə zamanı prezervativlərlə müdafiə qazanılmış sifilisə yoluxma riskini azaldır.[26] Bununla yanaşı, orogenital cinsi əlaqə vacib ötürülmə yolu hesab edilir və prezervativlərdən istifadə edilməsinə baxmayaraq, ötürülmə baş verə bilər.[16][17] Kişilərdə sünnətin sifilisə yoluxmanı azaltdığına dair heç bir əhəmiyyətli elmi dəlil yoxdur.[27] Qan donorluğundan əvvəl və hamiləlik zamanı antenatal müşahidənin tərkib hissəsi kimi milli skrininq proqramları istifadə edilməkdədir. Antenatal skrininqin məqsədi asimptomatik hamilə qadınları aşkar və müalicə edərək, transplasentar yoluxmanın qarşısını almaqdır.[25]

Bir açıq randomizə olunmuş tədqiqat göstərmişdir ki, kişilərlə cinsi əlaqəyə girən kişilərdə doksisiklinin bir dozası ilə kontaktdan sonrakı profilaktika, belə profilaktikanın olmaması ilə müqayisədə, sifilis riskini 10 aylıq müşahidə zamanı azaldır (risk nisbəti: 0,27; 95% Eİ: 0,07-0,98; р = 0,047).[28]

İkincili profilaktika

Bütün sifilis xəstələrində xlamidioz, süzənək və digər qanla yayılan virus xəstəlikləri, məsələn, hepatit B və C də daxil olmaqla, digər CYİ-lər də yoxlanılmalıdır. Həmçinin, sifilis xəstələri İİV-ə görə də mütləq müayinə edilməlidirlər.[5]Sifilis İİV-ə yoluxmaya təkan verən vacib amildir. Bütün sifilis xəstələrinə hepatit B vaksinasiyası təklif olunmalıdır. Təsdiqlənmiş sifilis xəstəsinin cinsi təmaslarında xəstəliyin skrininqi aparılmalı və bu xəstələri nəzarətdə saxlamaq çətindirsə, onlara ilkin təxmini müalicə təyin edilməlidir.[5]Antibiotiklər sifilisin yeganə müalicə vasitələridir.

CYİ-lər üzrə xidmətlərin gücləndirilməsi CYİ-lərlə mübarizədə əhəmiyyətli rol oynaya bilər.[108]

Yoluxmuş şəxs ilə cinsi əlaqənin olması zamanı profilaktik müalicə:[5]

  • Cinsi partnyoruna birincili, ikincili və ya erkən latent sifilis diaqnozu qoyulmuş şəxslərə partnyoruna diaqnoz qoyulmazdan əvvəl 90 gün ərzində onunla cinsi əlaqənin olması zamanı, hətta bu şəxslər seroneqativ olsalar belə, yoluxma ehtimalı əsasında empirik müalicə aparılmalıdır. Erkən sifilis xəstələrinin cinsi partnyorlarının təxminən 30-60%-də infeksiya inkişaf edir.[18][19]

  • Cinsi partnyoruna birincili, ikincili və ya erkən latent sifilis diaqnozu qoyulmuş şəxslərdə partnyoruna diaqnoz qoyulmazdan əvvəl 90 gündən artıq müddət ərzində onunla cinsi əlaqənin olması zamanı, sifilisin dərhal seroloji müayinəsini aparmaq mümkün olmazsa və həmin şəxslərin təkrar müayinəsi çətinlik törədərsə, empirik müalicə aparılmalıdır.

  • Latent sifilis xəstələrinin uzunmüddətli cinsi partnyorlarının müalicəsi onların kliniki və seroloji müayinə nəticələrindən asılıdır.

Risk altında olan vaxt intervalları:[5]

  • Birincili sifilisdə: müalicədən 3 ay əvvəl yoluxma + simptomların davametmə müddəti.

  • İkincili sifilisdə: 6 ay + simptomların davametmə müddəti.

  • Erkən latent sifilisdə: 1 il.

Sifilisin diaqnostika və müalicəsi təhlükəsiz cinsi əlaqəyə dair məlumatlılığın artırılması, prezervativ istifadəsinin təşviqi, yüksək riskli davranışların, məsələn, narkotik vasitə istifadəsinin sağlamlığa təsirlərinin vurğulanması üçün imkan kimi nəzərdən keçirilməlidir. Tanzaniyanın kənd ərazilərində təhlükəsiz cinsi praktikaların təşviqi məqsədilə ənənəvi olaraq maddi stimulların paylanması bir potensial kimi nümayiş olunmuşdur.[109]

Böyük Britaniya tövsiyələrinə görə cinsi zorakılıq hallarında zorakılığı törətmiş şəxsdə yoluxucu mərhələdə olan sifilisin olması məlumdursa, profilaktik tədbirlər nəzərdən keçirilməlidir.[54]

ABŞ-da Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinə görə sifilis milli səviyyədə təcili bildiriş verilməli xəstəlikdir. Həkimlər bildirişin təfsilatları ilə bağlı yerli səhiyyə şöbələri ilə əlaqə saxlamalıdırlar.

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.