Yanaşma

Sifilis infeksiyası müvafiq antibiotikoterapiya aparılarsa, müalicə olunan xəstəlikdir. Erkən diaqnostika və antibiotik terapiyası vacibdir, belə ki, istər müalicənin olmaması, istərsə də xəstəliyin uzun müddət davam etməsi zamanı sifilisin gecikmiş ağırlaşmaları mümkündür. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (XNPM) tərəfindən sifilisin bütün mərhələlərində birinci sıra seçim preparatı olaraq benzilpenisillinin parenteral təyini tövsiyə edilir.[5] Preparat (yəni, benzatin, prokain, sulu preparat), onun dozası və müalicə kursunun müddəti xəstəliyin mərhələsi və kliniki manifestasiyaları ilə müəyyən olunur.[5][3][94][95]

Neyrosifilis olmadan

Müalicə diaqnostik müayinə nəticələrinə istinad edir və empirik ola bilər. Erkən infeksiya şübhəsi olanlarda (səpgi və ya xora) seroloji müayinə nəticələri əldə edilənədək, empirik terapiya başladıla bilər. Əgər xəstənin təkrar tibb müəssisəsinə qayıtma riski varsa, belə müalicə daha uyğun variant ola bilər. Təsdiqlənmiş sifilis xəstəsinin cinsi təmaslarında xəstəliyin skrininqi aparılmalı və bu xəstələri nəzarətdə saxlamaq çətindirsə, onlara ilkin təxmini müalicə təyin edilməlidir. Empirik terapiyanın (cəld müalicə) fayda və riskləri (lazımsiz müalicə aparılması) xəstə ilə müzakirə edilməlidir.

Birincili, ikincili və erkən latent sifilisin (neyrosifilis olmadan) birinci sıra müalicəsi bir doza benzatin benzilpenisillinin əzələdaxili yeridilməsindən ibarətdir.[5] Əgər xəstədə penisillinə qarşı sensibilizasiya varsa və xəstə hamilə deyilsə, birinci sıra seçim preparatı olaraq peroral doksisiklin təyin oluna bilər. Peroral terapiya zamanı müalicənin nəticəsinə xəstənin terapiyaya riayət etməsi də təsir göstərə bilər. Bəzi tibb müəssisələrində azitromisinin bir dozası istifadə olunur, lakin hazırda makrolidlərə rezistentliklə əlaqədar olaraq, bu preparat XNPM-lər tərəfindən tövsiyə edilmir.[96][97][98]

Latent sifilisin müalicəsi gecikmiş ağırlaşmaların profilaktikası üçün nəzərdə tutulur. Gecikmiş latent və üçüncülü (qummoz və ya kardiovaskulyar) sifilisin (neyrosifilis olmadan) birinci sıra müalicəsi 2 həftə ərzində (0, 7 və 14-cü günlərdə) 3 dozada təyin olunmuş benzatin benzilpenisillinin əzələdaxili yeridilməsindən ibarətdir. Peroral doksisiklin penisillinə allergiyası olan xəstələr üçün birinci sıra müalicəsi kimi təklif oluna bilər. Simptomatik qummoz sifilis və ya kardiovaskulyar sifilis xəstələri müalicə başlanana qədər onurğa-beyin mayesinin (OBM) müayinəsindən keçirilməlidirlər.

Kardiovaskulyar sifilis (latent) müalicə edilmədikdə, simptomsuz keçə və ya aortanın anevrizması (əsasən, döş şöbəsinin), aortanın requrgitasiyası, stenokardiya və tac arteriyaların stenozu ilə nəticələnə bilər. Kardiovaskulyar sifilisdə antibiotik terapiyası ürək-damar patologiyasını aradan qaldırmır və müalicədən sonra da proqressivləşmə davam edə bilər. Bunun baş verməsinin səbəbi patologiyanın əsasında duran aorta divarının orta qişasının nekrozudur. Kardioloqun konsultasiyası tövsiyə olunur.

Neyrosifilis

Mərkəzi sinir sisteminin cəlb olunması sifilisin istənilən mərhələsində baş verə bilər və beyin qişalarının asimptomatik infeksiyasından tutmuş demensiya və sensor neyropatiyayadək təzahür edə bilər. Neyrosifilisin birinci sıra müalicəsi venadaxili benzilpenisillindən ibarətdir. İkinci sıra müalicəsi əzələdaxili prokain benzilpenisillin + peroral probenesiddən ibarətdir. Bəzi mütəxəssislər müalicə kursunun neyrosifilis olmadan gecikmiş sifilisə analoji olması üçün neyrosifilisin müalicəsi başa çatdırıldıqdan sonra həftədə 1 dəfə olmaqla, 3 həftə ərzində əzələdaxili benzatin benzilpenisillin təyin edirlər.

Penisillinə qarşı hiperhəssaslığı olan bütün neyrosifilis xəstələrində penisillin desensibilizasiyasının aparılması tövsiyə edilir. Qeyri-penisillin tərkibli müalicə rejimlərinin tətbiqinə dair elmi dəlillər zəifdir. Bununla belə, qeyd edilən vəziyyətdə bəzi klinisistlər yüksək dozada doksisiklin təyin edirlər.[99]

Penisillinə qarşı sensibilizasiyanı müəyyən etmək üçün dəri sınağından istifadə etməklə, güclü reaksiyası olanlar aşkar edilir. Dəri reaksiyası üçün istifadə edilən reagentlərə əsas və əlavə allergenlər daxil olmalıdır.[100] Dəri sınağı mənfi olan xəstələrə penisillin terapiyası təyin oluna bilər. Bununla belə, bəzi həkimlər, xüsusilə penisillinə qarşı sensibilizasiyanın müəyyən edilməsi üçün əsas və əlavə allergenlərdən təşkil olunmuş diaqnostikumlar olmadıqda, dəri sınağı qoymadan desensibilizasiya aparırlar. Penisillin determinantlarından birinə qarşı dəri sınağı müsbət olan xəstələrdə kəskin desensibilizasiya aparıla bilər. Bu, xəstəxana şəraitində icra edilməlidir. Peroral və ya venadaxili desensibilizasiya mümkündür və adətən, 4 saat ərzində başa çatdırılır və bundan sonra penisillinin ilk dozası təyin edilir.[101]

Hamiləlik dövründə infeksiya

Hamiləlikdə yeganə tövsiyə edilən müalicə variantı benzilpenisillinin parenteral təyinidir. Penisillinə qarşı sensibilizasiyası olan hamilə qadınlarda desensibilizasiya aparılmalı və penisillin təyin edilməlidir. Hamilə qadınlarda penisillin əsaslı terapiya sifilisin mərhələsinə istinadən aparılmalıdır, lakin bəzi mütəxəssislər hamiləliyin üçüncü trimestrində erkən sifilis müşahidə edilən xəstələrdə bir deyil, iki benzatin benzilpenisillin inyeksiyasının təyinini tövsiyə edir.

Anadangəlmə sifilisin aşkarlanması üçün dölün ultrasəs müayinəsi aparılır. Döl və ya ciftin sifilisi əlamətləri (məs., hepatomeqaliya, assit, dölün hidropsu) anadangəlmə sifilisin uğursuz müalicəsinə görə yüksək riskə işarə edir.[70] Hamilə qadınlara Yariş-Herksheymer reaksiyasının mümkünlüyü haqqında məlumat verilməlidir. Yariş-Herksheymer reaksiyası dölün distres sindromu və erkən doğuşla ağırlaşa bilər. İxtisaslaşmış mama-ginekoloq tərəfindən müalicə tövsiyə edilir.

İİV koinfeksiyası

Sifilis İİV-ə yoluxmaya təkan verən vacib amildir. Əksər klinisistlər İİV-ə görə müsbət və mənfi sifilis xəstələrinin müalicəsini eyni penisillin terapiyası rejimini tətbiq etməklə və İİV statusuna deyil, daha çox sifilisin mərhələsinə istinadən aparırlar. Məsələn, İİV koinfeksiyası olan birincili və ya ikincili sifilis xəstələri üçün birinci sıra müalicəsi benzatin benzilpenisillinin əzələdaxili bir dozasının yeridilməsindən ibarətdir.[5] Lakin İİV və neyrosifilis xəstələrində müalicənin davametmə müddəti uzana bilər.

İİV-infeksiyası və birincili və ya ikincili sifilisi olan şəxslər terapiyadan sonra müalicənin effektivliyinə görə 3, 6, 9, 12 və 24 aydan sonra kliniki və seroloji olaraq qiymətləndirilməlidirlər.[5]Baxmayaraq ki, faydaları təsdiqlənməmişdir, bəzi mütəxəssislər ya standart olaraq, ya da müalicədən 6-12 ay sonra qeyri-treponema titrləri 4 dəfə azalmadıqda, müalicə başa çatdırıldıqdan 6 ay sonra OBM-in müayinəsini tövsiyə edirlər. Birincili və ikincili sifilis və İİV koinfeksiyası zamanı penisillinə qarşı sensibilizasiya varsa, antibiotik terapiyası penisillinə qarşı sensibilizasiyası olan, lakin İİV-i olmayan xəstələrdəki ilə eyni qaydada aparılmalıdır.

Anadangəlmə sifilis

Reaktiv qeyri-treponema və treponema sınaqları qeyd edilən analardan doğulmuş bütün yenidoğulmuşların qan zərdabında qeyri-treponema serologiyası (zöhrəvi xəstəliklərin tədqiqat laboratoriyasının sınağı (VDRL) və ya sürətli plazma reagin sınağı (RPR)) aparılmalıdır. Müayinə üçün göbək ciyəsindən alınmış qandan istifadə edilərsə, göbək ciyəsinin ananın qanı ilə kontaminasiyası mümkün olduğuna görə yanlış-müsbət nəticə alına bilər.

>1 aylıq körpələrdə sifilis sınağı müsbət olarsa, infeksiyanın anadangəlmə və ya qazanılmış olduğunu müəyyən etmək üçün ananın xəstəlik tarixi və seroloji müayinə nəticələri nəzərdən keçirilməlidir.[5] 

Əgər ananın müalicəsinin effektiv aparıldığına dair məlumatlar mövcuddursa (və reinfeksiya yoxdursa), körpənin fiziki müayinəsində patologiya aşkar olunmursa və körpənin VDRL/PPR müayinəsində titr ana ilə müqayisədə, 4 dəfədən az artıqdırsa, müalicə göstəriş deyi. Fiziki müayinədə patoloji nəticələr aşkar olunan və RPR/VDRL müayinəsində titr ana ilə müqayisədə, 4 dəfə və ya daha artıq olan körpələrdə hərtərəfli müayinə və müalicə aparılmalıdır.

Anadangəlmə sifilisin birinci sıra müalicəsi benzilpenisillinin venadaxili və ya prokain benzilpenisillinin əzələdaxili yeridilməsindən ibarətdir.[5][102]Əgər körpədə qeyri-treponema sınağı qeyri-reaktivdirsə və yoluxuculuq riski aşağıdırsa, benzatin benzilpenisillinin əzələdaxili təyini tövsiyə olunur.[5]Mama-ginekoloq və neonatoloqun konsultasiyası tövsiyə olunur. Zəngin resurslara malik ölkələrdə benzatin benzilpenisillinin əzələdaxili təyini az istifadə olunur. Pediatr tərəfindən sıx kliniki və seroloji müşahidə tövsiyə edilir.

Müalicənin potensial əlavə təsirləri

Xəstə müalicəyə qarşı mümkün reaksiyalar, məsələn, Yariş-Herksheymer reaksiyası barədə məlumatlandırılmalıdır.

Yariş-Herksheymer reaksiyası sifilisə görə antibiotik müalicəsinin başlanmasından sonra ilk 24 saat ərzində baş verə bilən kəskin hərarətli xəstəlikdir. Simptomlarına kəskin hərarət, başağrı və mialgiya aiddir ki, bunlar çox vaxt erkən sifilis xəstələrində rast gəlir. Belə hesab etmək olar ki, kardiovaskulyar sifilis və ya neyrosifilis olan hamilə olmayan xəstələrdə kortikosteroid terapiyası Yariş-Herksheymer reaksiyasının mümkün olan ciddi nəticələrinin qarşısını alır.[3]Lakin effektivliyi aydın deyil və bəzi ölkələrdə bu, ümumiyyətlə tövsiyə olunmur.

Əzələdaxili təyinat üçün nəzərdə tutulmuş prokain benzilpenisillin səhvən venadaxili yeridilərsə, yatrogen prokain reaksiyası (prokain psixozu, prokain maniyası, Hayn sindromu) baş verə bilər. Xəstələrdə anafilaktik şok da daxil olmaqla, penisillinə allergik reaksiyalar inkişaf edə bilər.[103]

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.