Epidemiologiya

Sifilis çox yayılmış SYİ-dir. 2016-cı ildə dünyada 6 milyon yeni sifilis hadisəsi qeydə alınmışdır.[8] 

ABŞ-da sifilis:

2017-ci ildə birincili və ikincili sifilis hadisələrinin insidentliyi 100 000 nəfər əhaliyə 9,5 hadisə təşkil etmişdir (30 644 hadisə).[9]Bu, 2016-cı il ilə müqayisədə (100 000 nəfərə 8,6 hadisə), 10,5% çoxdur və 2013-cü il ilə müqayisədə (100 000 nəfərə 5,5 hadisə), 72,2% çoxdur. Qeydə alınmış birincili və ikincili sifilis hadisələrinin yarısından çoxu (57,9%) kişilərlə cinsi əlaqədə olan kişilərdə baş vermişdir. 2017-ci ildə birincili və ikincili sifilislə xəstələnmə səviyyəsi kişilər arasında 100 000 nəfərə 16,9 hadisə, qadınlar arasında isə 100 000 nəfərə 2,3 hadisə olmuşdur.[9]Kişilər arasında xəstələnmə səviyyəsinin ən yüksək həddi 25-29 yaş qrupunda, bundan sonra 20-24 və 30-34 yaş qruplarında olmuşdur (bu iki qrupda xəstələnmə səviyyəsi oxşardır). Qadınlar arasında xəstələnmə səviyyəsinin ən yüksək həddi 20-24 yaş qrupunda, ardınca isə 25-29 yaş qrupunda olmuşdur.

2017-ci ildə qaradərili insanlar arasında birincili və ikincili sifilis hadisələrinin rastgəlmə tezliyi ən yüksək həddə çatmışdır (100 000 nəfərə 24,2 hadisə).[9]Xəstələnmə səviyyəsi, ağdərili insanlarla müqayisədə (100 000 nəfərə 5,4 hadisə), qaradərili insanlar arasında 4,5 dəfə yüksək olmuşdur. 2013-2017-ci illərdə göstəricilər bütün etnik qruplarda yüksəlmişdir. 2016-2017-ci illərdə ən yüksək göstəricilər amerikalı hindular/Alyaskanın yerli sakinləri (38,8%) arasında, həmçinin, çoxirqli kimi müəyyən edilmiş insanlar (31,7%) arasında, sonra asiyalılar (15,7%), ardınca isə ağdərili insanlar (10,2%), yerli Havay adası sakinləri/Sakit okean adalarının digər sakinləri (9,4%), Latın Amerikalıları (9,3%) və qaradərili insanlar (5,7%) arasında qeyd edilmişdir.[9]

2017-ci ildə anadangəlmə sifilis hadisələrinin rastgəlmə tezliyi 100 000 diri doğulana 23,3 hadisə (628 hadisə) olmuşdur; bu, 2016-cı ilə görə 43,8% artım (100 000 diri doğulana 16,2 hadisə) və 2013-cü ilə görə 153,3% artım (100 000 diri doğulana 9,2 hadisə), deməkdir.[9]

Digər ölkələrdə sifilis:

Avropada sifilis 2011-ci ildən, xüsusən kişilərlə cinsi əlaqədə olan kişilər (KCK) arasında artmaqdadır.[10]2016-cı ildə Avropa İttifaqının (Aİ) 28 ölkəsində 29 365 yeni hadisə qeyd edilmişdir (100 000 nəfərə 6,1 hadisə). Ən yüksək göstəricilər Böyük Britaniyada (100 000 nəfərə 9,9 hadisə), Maltada (9,2), İslandiyada (9,0) və Almaniyada (8,7) olmuşdur. Ən aşağı göstəricilər (100 000 nəfərə <2 hadisə) Xorvatiya, Kipr, Estoniya, Portuqaliya və Sloveniyada olmuşdur. Xəstələnmə səviyyəsi, qadınlarla müqayisədə (100 000 nəfərə 1,3 hadisə), kişilər arasında (100 000 nəfərə 10,8 hadisə) 8 dəfə yüksək olmuşdur. Ən yüksək yaş və gender-spesifik göstəricilər 25-34 yaşlı kişilər arasında qeyd edilmişdir (100 000 nəfərə 25 hadisə).[10]

Böyük Britaniyada İngiltərədə, 2013-cü il ilə müqayisədə, 2017-ci ildə qeydə alınmış sifilis hadisələrinin sayı 2 dəfə çox (3397) olmuşdur.[11]

2016-cı ildə Aİ-nin 23 üzv-ölkəsində/Avropa iqtisadi zonasında 37 anadangəlmə sifilis hadisəsi qeyd edilmişdir.[12] Bu, 100 000 diri doğulmuş uşağa təxminən 1,1 hadisə təşkil edir.

Çində 1950-ci illərdə sifilis, demək olar ki, eradikasiya edilsə də, 1990-2010-cu illərdə həm insidentliyi, həm də rastgəlmə tezliyi dörd dəfədən çox artmışdır.[13] Xəstəlik göstəricilərindəki artım kənd yerlərindən şəhərlərə miqrasiya, xəstəlik üzrə skrininqlərin məhdud olması, cinsi partnyorların lazımi şəkildə müəyyən edilməməsi və ümumilikdə, əhalinin SYİ səbəbilə tibb müəssisələrinə müraciət etməməsi ilə əlaqədardır.[14]

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.