Yeni müalicə üsulları

Rekonvalessent zərdab

2006-cı ilin iyun ayında yüksək patogenli quş qripi (YPQQ) H5N1 virus infeksiyası müşahidə edilən 31 yaşlı kişi həmin ilin əvvəlində YPQQ H5N1 xəstəliyindən sağalmış xəstədən əldə edilən rekonvalessent zərdabla müalicə olunmuşdur. Respirator nümunələrdə YPQQ H5N1 virus yükü 32 saat ərzində aşkar edilməyən səviyyələrdə olmaqla rekonvalessent zərdabın 3 dozasından sonra azalmışdır.[101] YPQQ H5N1 xəstəsinin rekonvalessent zərdabı köçürülmüş və ya H5N1-ə qarşı vaksinasiya olunmuş iki digər YPQQ H5N1 xəstəsi haqqında məlumat verilmişdir.[102] Virus etiologiyalı ağır kəskin respirator infeksiyaların müalicəsində rekonvalessent zərdab və hiperimmun immunoqlobulinin effektivliyinə dair bir sistematik tədqiqat göstərmişdir ki, bu müalicə təhlükəsizdir və ölüm göstəricisini azalda bilər.[103] Rekonvalessent zərdab terapiyası eksperimentaldır və hələ kliniki istifadə üçün təsdiqlənməyib.

Venadaxili neyraminidaza inhibitorları

Neyraminidaza inhibitorlarının parenteral preparatları işlənilib hazırlanmışdır və peramivir və ozeltamivir və zanamivirin venadaxili formalarından ibarətdir, lakin onlar bir çox ölkələrdə lisenziyadan keçməmişdir və ya mövcud deyildir. Hazırda ABŞ-da 2 gündən artıq simptomatik olan 2 yaşlı və daha böyük xəstələrdə kəskin ağırlaşmamış qripin erkən müalicəsi üçün venadaxili peramivir təsdiqlənmişdir. Hazırda venadaxili zanamivir yeni eksperimental dərmanların kliniki tədqiqatının aparılması (İND) əsasında istifadə olunur. ÜST tərəfindən tövsiyə olunur ki, venadaxili neyraminidaza inhibitorları ilə müalicə fövqəladə hallarda istifadə üzrə müvafiq müddəalara uyğun olaraq istifadə olunmalıdır. Venadaxili neyraminidaza inhibitorları kliniki sınaqlar kontekstindən kənarda istifadə üçün tövsiyə olunmur.[84]

Laninamivir

İnsan qripinə qarşı istifadə üçün Yaponiyada təsdiqlənmiş inhalyasion uzunmüddətli təsirə malik yeni neyraminidaza inhibitorudur. Bu, kimyəvi cəhətdən zanamivirə oxşardır və ağciyərlərdə dərmanın yüksək konsentrasiyalarının davamlı olan fəal formasına keçir ki, tək bir dərman dozası ilə mövsümi qripin müalicəsinə şərait yaradır. Laninamivirin YPQQ H5N1 virusuna qarşı kliniki effektivliyi haqqında az məlumat mövcuddur və bu məqsəd üçün hal-hazırda tövsiyə olunmur.[104]

Ribavirin

Baxmayaraq ki, bir çox ölkələrdə qripin müalicəsi üçün lisenziyaya malik deyil, siçan modellərində bəzi YPQQ H5N1 viruslarına qarşı ozeltamivir ilə effektivliyi artırdığı nümayiş olunmuşdur.[105] Lakin ribavirin ilə müalicə olunmuş SARS xəstələrinin tədqiqatları yüksəkdozalı terapiya və proqressiv hemolitik anemiya arasında güclü əlaqələri aşkar etmişdir.[106] Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri ümumiləşdirmişdir ki, qripin müalicəsi üçün dərmanın istifadəsini tövsiyə etmək məqsədilə effektivliyi və ya təhlükəsizliyinə dair kifayət qədər məlumat yoxdur.[84]

Kortikosteroidlər

ÜST insanlar arasında YPQQ H5N1 xəstəliyinin müalicəsində kortikosteroidlərin istifadəsindən çəkinməyi tövsiyə edir. Mövsümi qrip virusu infeksiyasında tədqiqatlar göstərmişdir ki, kortikosteroidlərin istifadəsi simptomların başlanmasından 7 gün sonra virusun çoxalmasının davamlılığı ilə müşayiət olunur.[107] Aparılan bir tədqiqatda qeyd edilmişdir ki, qlükokortikoidlərin erkən istifadəsi 2009 H1N1 virus infeksiyası ilə kritik xəstəlik və ölüm üçün risk faktoru hesab edilir.[108] Buna baxmayaraq, digər səbəblər (bronxial astmanın kəskinləşməsi, böyrəküstü vəzi çatışmazlığı, vaxtından əvvəl doğuş) üçün göstəriş verildikdə, kortikosteroidlər istifadə edilməlidir.

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.