Yanaşma

Yüksək patogenli quş qripi (YPQQ) H5N1 virusunun törətdiyi pnevmoniya, digər yoluxucu etiologiyaların törətdiyi pnevmoniyanın oxşar simptomları ilə müşahidə olunur (mövsümi A və ya B qripi virusları və 2009-cu il H1N1 virusu daxil olmaqla). Subkliniki və ya yalnız yüngül simptomlardan başlayaraq ağır tənəffüs çatışmazlığı və ölüm arasında dəyişən genişspektrli xəstəlik halları mövcuddur. Lakin YPQQ A (H5N1) virus infeksiyasının müşahidə edildiyi əksər xəstələr ağır xəstədir və bu xəstələrdə kliniki müayinə zamanı inkişaf etmiş kliniki əlamətlər və virus əleyhinə müalicənin gec tətbiq olunması aşkarlanır.

Nəzərə alsaq ki, YPQQ H5N1 viruslu insan infeksiyası nadir hallarda baş verir (hətta yüksək yoluxma riski olan insanlar arasında), diaqnostik qiymətləndirmə və müalicədə alternativ etiologiyalar nəzərə alınmalıdır. Xəstənin YPQQ H5N1 virus infeksiyalı olmasına dair narahatlıq olarsa, üz maskası, qoruyucu eynək, birdəfəlik xalat və əlcəklər daxil olmaqla, infeksiyaya nəzarət tədbirlərindən istifadə edilməlidir.

ABŞ və digər ölkələrdə yeni qrip A hadisələri təcili bildirişə tabe olan xəstəliklərdir.

Anamnez

Heyvanlar (əsasən xəstə və ya ölü ev quşları) və ya YPQQ H5N1 virus infeksiyasına şübhəli və ya təsdiq olunmuş insanlar ilə 7 gün əvvəl birbaşa (toxunma) və ya yaxından təmasda olmuş hərarətli respirator infeksiyalı xəstələr YPQQ H5N1 virus infeksiyasına şübhəli hesab edilə bilər. YPQQ H5N1 virusu sirkulyasiya edən ölkəyə səyahət anamnezi də qızdırma və respirator simptomları olan xəstənin differensial diaqnostikasında YPQQ H5N1 virusu infeksiyasının nəzərə alınmasını tələb edir. Çinə səyahət etdikdən sonra Kanadaya geri qayıdan səyahətçidə hərarət, döş qəfəsində plevral ağrı və qarın nahiyəsində ağrı müşahidə edilmişdir və xəstəlik meninqoensefalitdən aşağı tənəffüs yollarının xəstəliyinə kimi inkişaf etmiş və xəstə YPQQ H5N1 virus infeksiyasından vəfat etmişdir.[21]

Erkən xəstəlik yuxarı tənəffüs yollarının hərarətli infeksiyası ilə əlaqəli əlamət və simptomlar ilə müşahidə olunur. Quru və ya bəlğəmli öskürək və təngnəfəslik çox rast gələn simptomlardır. Qripəbənzər xəstəliklə uyğun gələn qeyri-spesifik simptomlar qeyd edilmişdir (konyunktivit, rinoreya, baş ağrısı, boğaz ağrısı, mialgiya və yorğunluq daxil olmaqla). Bir çox xəstələrdə xəstəliyin 3-6-cı günlərində aşağı tənəffüs yollarının ağır xəstəliyinin inkişafı müşahidə olunur. Kliniki cəhətdən mülayim xəstəlik halları (hərarət və yuxarı tənəffüs yollarının infeksiyası simptomları) sənədləşdirilmişdir. Xəstəxanaya qəbul zamanı bir çox xəstələrdə hərarət və xəstəxanadankənar kəskin pnevmoniyaya bənzər kliniki əlamətlər müşahidə edilir. YPQQ H5N1 virus infeksiyalı uşaqlar və böyüklərdə bir neçə qeyri-spesifik ilkin mədə-bağırsaq simptomları (abdominal ağrı, qusma, ishal) qeyd edilmişdir.

H5N1 ilə hospitalizasiya edilən əksər xəstələrdə aşağı tənəffüs yollarının ağır xəstəliyi müşahidə olunur və bir çox orqan disfunksiyası və ya çatışmazlığı (böyrək, tənəffüs yolları, qaraciyər və ürək) baş verə bilər. Qeyd edilən digər fəsadlara hemofaqositoz, vazopressor dəstəyi tələb edən refraktor şok, yayılmış damardaxili laxtalanma, hamilə qadınlarda spontan uşaqsalmalar və ensefalit daxildir.

Fiziki müayinə

Adətən, ağır infeksiya zamanı kliniki müayinə nəticələri digər etiologiyalı ağır pnevmoniyalarla uyğun gəlir və ≥38°C (100,4°F) hərarət, taxipnoe və auskultasiyada anomaliyalardan (xırıltı, fışıltı və nəfəs səslərinin ocaqlı azalması daxil olmaqla) ibarət ola bilər.[17] Daha az hallarda müayinədə atipik xüsusiyyətlərin əlamətləri də görünə bilər (psixi vəziyyətin dəyişməsi, qıcolmalar və pnevmoniyaya irəliləyən qızdırmalı diareyalı xəstəlik).

YPQQ H5N1 virus infeksiyalı yüngül xəstəliyi, xüsusilə uşaqlarda, sadə qrip virusu infeksiyasından fərqləndirmək mümkün olmaya bilər. Kliniki müayinədə yuxarı tənəffüs yollarının infeksiyası əlamətləri, qızdırma, öskürək, rinoreya və\və ya əzginlik kimi sistemli əlamət və simptomlar müşahidə olunur.

İlkin müayinələr

YPQQ H5N1 virus infeksiyasının nadir hallarda rast gəlməsini nəzərə alaraq, diaqnostik qiymətləndirmənin bütün hərarətli respirator infeksiyaların və infeksiyanın baş vermiş olduğu regionda endemik respirator patogenlərin tədqiqindən ibarət olması vacibdir.

YPQQ H5N1 virus infeksiyasına şübhəli xəstələrin prioritet qiymətləndirilməsi aşağıdakılardan ibarət olmalıdır.

  • Əsas kimyəvi differensial və qaraciyər fermentləri ilə qanın ümumi müayinəsi kimi laborator testlər və döş qəfəsinin rentgenoqramması. Ağır hallarda çox rast gələn nəticələrə leykopeniya, limfopeniya və yüngül və ya orta trombositopeniya daxildir, lakin bu laborator nəticələr bütün hallarda rast gəlmir və YPQQ H5N1 virusunun digər respirator patogenlərdən differensiasiyasında faydalı olması ehtimal edilmir.

  • Təngnəfəsliyi olan xəstələrdə oksigenasiya statusunu, eləcə də lazım olarsa, arterial qanın qaz tərkibini qiymətləndirmək üçün nəbz oksimetriyası aparılmalıdır.

  • Bəlğəmin Qram üsulu ilə boyanması və bakterial kultura və qan kulturası başlıca bakterial pnevmoniya və potensial bakterial yanaşı infeksiya üçün qiymətləndirmə üsulunun bir hissəsi kimi icra olunmalıdır. Mövsümi qrip virus infeksiyası nəzərə alınmalıdır, belə ki, bu, YPQQ H5N1 virus infeksiyasından daha çox yayılmış haldır.

  • Müəyyən hallarda digər respirator viruslara görə testlər aparılmalıdır (məs., körpələrdə respirator sinsitial virus, zəif immunitetli şəxslərdə çoxsaylı virus etiologiyaları). Atipik simptomlar (məs., mədə-bağırsaq və nevroloji) ilə müşahidə olunan xəstələr həmin proseslər üçün alternativ etiologiyalarda nəzərdə tutulan müvafiq prosedurlardan keçməlidirlər.

Biz tövsiyə edirik ki, klinisistlər YPQQ H5N1 virus infeksiyasına şübhəli xəstə ilə qarşılaşdıqda, alternativ diaqnozları nəzərə alsınlar. Həmişə olduğu kimi, prosedurlar anomal kliniki nəticələrə yönləndirilməlidir.

Spesifik virus testləri

YPQQ H5N1 virusunun tövsiyə olunan və yekun diaqnostikası respirator nümunələrin əks-transkripsiyalı polimeraz zəncirvari reaksiyasından (ƏT-PZR) ibarətdir ki, bura H5-spesifik praymer və zondlardan istifadə etməklə real vaxt rejimində və adi ƏT-PZR aiddir. YPQQ H5N1 virus ştammları inkişaf etməyə davam etdiyindən yenilənmiş praymer və zondlardan istifadə edərək ƏT-PZR ilə testin aparılması vacibdir. Lakin YPQQ H5N1 virusu üçün ƏT-PZR kliniki şəraitdə, adətən, mövcud olmur. Bir çox regional ictimai səhiyyə laboratoriyaları, bir çox dövlət laboratoriyaları və bəzi özəl laboratoriyalar YPQQ H5N1 virusu üçün ƏT-PZR testini icra edə bilər. İntubasiya olunmayan xəstələrdə üstünlük verilən respirator nümunələr ağız-udlaq və burun yaxmalarından ibarətdir. Ağız-udlaq yaxmaları yuxarı tənəffüs yollarının digər nümunələrinə nisbətən daha yüksək diaqnostik üstünlüyə malikdir. Burun və burun-udlaq yaxmalarına, mövsümi qrip virusu da daxil olmaqla, digər respirator virusları aşkar etmək üçün üstünlük verilir. YPQQ H5N1 virus infeksiyasına şübhəli xəstələrdən kliniki nümunələr toplayan tibb işçiləri infeksion nəzarətə dair ehtiyat tədbirlərinə riayət etməli və müvafiq fərdi qoruyucu vasitələrdən istifadə etməlidirlər.[72][73][74] Poliefir lifli ucluqdan və ya alümin və ya plastik sap hissədən ibarət tamponlardan istifadə edilməlidir. Pambıq ucluqlu və ya taxta saplı tamponlardan istifadə tövsiyə olunmur, çünki onlar ƏT-PZR analizinə təsir edə bilər. Yaxşı olardı ki, testin aparılması üçün respirator nümunələr, YPQQ H5N1 virus infeksiyasına şübhəli xəstələrdə bir neçə respirator nahiyələrdən toplanılsın, eləcə də bir neçə gün ərzində icra olunsun, çünki tək bir nümunənin sınaqdan keçirilməsi YPQQ H5N1 virusunu aşkarlamaya bilər. İntubasiya olunan xəstələrdən də YPQQ H5N1 testinin aparılması üçün endotraxeal aspiratlar toplanılmalıdır. Yalnız YPQQ H5N1 testlərinin icrası üçün kliniki nümunələrin toplanması məqsədi ilə bronxoskopiya və plevral punksiyanın icrası tövsiyə olunmur, lakin digər diaqnostik məqsədlər üçün toplanılıbsa, bronxoalveolyar lavaj nümunələri və plevral maye də test oluna bilər. Dövlət ictimai səhiyyə təşkilatları, klinisistlərə müəyyən xəstədən YPQQ H5N1 virusuna görə test olunması üçün kliniki nümunələrin toplanılıb-toplanılmamasını müəyyənləşdirməyə kömək edəcək bir çox faydalı onlayn resurslara malikdir və təşkilatlar insanlar arasında şübhəli və ya təsdiqlənmiş YPQQ H5N1 virus infeksiyasının qiymətləndirilməsi, testlərin aparılması və xəstəlik hadisəsinə nəzarətdə klinisistlərə məsləhət verəcək və kömək edəcək əməkdaşlara malikdir. ƏT-PZR testinin ilkin nəticələri hasil etməsi təxminən 4 saat vaxt alır, lakin daşınma vaxtı və testin aparılmasının maddi-texniki tədarükü test nəticələrini ləngidə bilər. Virusun əkilməsi tövsiyə olunan fərdi mühafizə vasitələri və infeksiyaya nəzarət tədbirlərinə riayət edən xüsusi, 3-cü dərəcəli biotəhlükəsizlik səviyyəsi olan gücləndirilmiş və ya daha böyük laboratoriyalar istisna olmaqla, digər laboratoriyalarda icra olunmamalıdır.

Satışda əldə edilə bilinən, xəstənin yatağında icra olunan, qripə görə təcili diaqnostik testlər qeyri-həssasdır və YPQQ H5N1 virusu üçün spesifik deyil və bu səbəbdən, YPQQ H5N1 virusunun diaqnostikasında istifadə edilməməlidir.

2-3 həftə intervalla toplanmış və spesifik laborator seroloji üsullardan istifadə etməklə test edilmiş cüt kəskin və rekonvalessent zərdablar kliniki cəhətdən uyğun xəstədə YPQQ H5N1 virus infeksiyasının retrospektiv diaqnostikasını potensial olaraq təmin edə bilər, lakin kliniki nəzarət qərarları haqqında məlumat verə bilməz.[72] YPQQ H5N1 virusuna görə insan kliniki nümunələrində bütün müsbət testlər ÜST H5 referens laboratoriyasında təsdiqlənilməlidir; ÜST həmçinin ÜST tərəfindən yaradılmış məhdud sayda dövlət laboratoriyalarından müsbət H5 nəticlərini qəbul edir. "A" Quş qripi virusları, eləcə də YPQQ H5N1 virusu ilə insanlar arasında infeksiyaya görə müsbət laboratoriya nəticələri haqqında ÜST-na beynəlxalq səhiyyə qaydaları üzrə məlumat verilməlidir.

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.