Xəstənin anamnezi

Xəstənin anamnezi #1

Ev quşları ilə çalışan və əvvəllər sağlam olan 32 yaşlı misirli qadın 2 gündür ki, kəskin üzücü yorğunluq və >38,8°C (102°F) hərarət nümayiş etdirir. Qadında yeni meydana çıxmış öskürək, qanlı bəlğəm ifrazı, təngnəfəslik və sinədə plevral ağrı müşahidə edilir. Həmçinin, yayılmış abdominal ağrı, eləcə də, müəyyən qədər duru ishal qeyd olunur. Növbəti 2 gün ərzində qadının respirator statusu pisləşir və o, ailəsi tərəfindən xəstəxanaya gətirilir. Döş qəfəsinin rentgen müayinəsində çoxpaylı bərkimə görünür. Qan analizində limfosit və trombositlərin miqdarı azalmış və AST və ALT göstəriciləri yüksəlmişdir. Ailə üzvləri xəstə deyildir. Onlar bildirirlər ki, bu ərazidə son günlər ərzində bir çox ev quşları xəstələnmiş və ya tələf olmuşdur və xəstə bu yaxınlarda xəstə quşlardan hazırlanmış qidanı qəbul etmişdir.

Xəstənin anamnezi #2

Qışda Cənub-Şərqi Asiyadan ABŞ-a qayıdan hipertoniyalı 55 yaşlı Vyetnam əsilli amerikalı kişidə proqressiv qızdırma, bəlğəmli öskürək və təngnəfəslik inkişaf edir. O, ötən 3 ayı Vyetnamın ucqar ərazisində keçirmişdir. Ailəsi məlumat verir ki, onun qaldığı kənddə ev quşları arasında ölüm halları geniş şəkildə yayılmışdır. O, simptomlar başlanmazdan 5 gün əvvəl tələf olmuş həyətyanı ev quşlarına toxunmuş və ev quşları bazarından diri toyuq və ördəklər almışdır. Onda taxipnoe, 90% oksigen saturasiyası və sol ağciyərinin arxa payında tənəffüs küyləri müşahidə edilir. Döş qəfəsinin rentgen müayinəsi sol aşağı payın bərkiməsini nümayiş etdirir. Laborator müayinədə leykositoz, anemiya, trombositoz və hipoksiya aşkar olunur.

Digər kliniki formalar

Erkən xəstəlik yuxarı tənəffüs yollarının hərarətli infeksiyası ilə uyğun gələn əlamət və simptomlarla müşahidə olunur. Xəstələrdə aşağı tənəffüs yollarının kəskin xəstəliyinə kliniki inkişaf, adətən, xəstəliyin 3-6-cı günlərində baş verir. [18] Bir çox orqanların zədələnməsi baş verə bilər.[19] Ensefalit və meninqoensefalit qeyd edilmişdir.[20][21] Kliniki cəhətdən yüngül xəstəlik (hərarət və yuxarı tənəffüs yollarının infeksiyası simptomları) xüsusilə Misirdə və digər ölkələrdə tibbi yardım üçün erkən yönləndirilmiş uşaqlarda sənədləşdirilmişdir.[22][23][24] Müraciət zamanı bir çox xəstədə hərarət və xəstəxanadankənar kəskin pnevmoniyaya bənzər kliniki əlamətlər müşahidə edilir.[25]

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.