Etiologiya

Demək olar ki, bütün qrip A virusları üçün təbii rezervuar vəhşi su quşlarıdır (ördəklər, qazlar). Bu günə kimi müəyyən edilən qrip A viruslarının 18 hemaqqlütinin və 11 neyraminidaza yarımtiplərindən, demək olar ki, hamısı (yarasalarda müəyyən edilmiş H17N10, H18N11 istisna olmaqla) quşlarda müəyyən edilmişdir.[31] Donuzlar, dəniz məməliləri, atlar, itlər, pişiklər və yarasalar daxil olmaqla, digər məməlilər də qrip A viruslarına yoluxa bilər. Yüksək patogenli quş qripi A (YPQQ) virusları vəhşi quşlarda və ev quşlarında asimptomatik infeksiya və ölümcül xəstəliyə səbəb ola bilər. YPQQ H5N1 virusu ilk dəfə Şotlandiyada 1959-cu ildə aşkar edilmişdir. Lakin quşlar arasında sirkulyasiya edən bütün Asiya mənşəli YPQQ H5N1 viruslarının progenitor YPQQ H5N1 virusu 1996-cı ildə Çinin cənubunda yoluxmuş qazda aşkar edilmişdir.

İnsanlar arasında qeyd olunan bir çox YPQQ H5N1 hadisələri təsadüfidir və birbaşa təmas (toxunma) və ya həyətyanı xəstə və ya ölü ev quşları (adətən, toyuqlar) ilə yaxından təmas nəticəsində baş verir. İnsan hadisələrindəki mövsümi dəyişkənlik quşlar arasındakı alovlanmalara analojidir.[18][32][33][34] Lakin digər risk faktorlarına diri quş bazarına gedişlər[35][36][37] və insan YPQQ H5N1 hadisəsi ilə uzunmüddətli və müdafiəsiz kontakt aiddir.[17] Bəzi hallarda yoluxma riski müəyyən edilməmişdir, belə ki, ətraf mühitdə yoluxma və ya naməlum yoluxmuş insan ilə sıx təmasın mümkünlüyü qeyd edilir.[38] Qan qohumları olan ailə üzvləri arasında YPQQ H5N1 xəstəlik hadisələri genetik həssaslığın artması potensialını irəli sürür. Lakin insandan insana ötürülmə nadir hallarda baş verir.[39][40][41][42][43] Xəstəxana daxilində nadir ötürülmə halları da qeydə alınmışdır.[1][2][44] YPQQ H5N1 virusunun insandan insana ötürülməsinə dair elmi dəlillər yoxdur.

Skunslar üzərində aparılan eksperimental tədqiqatlar göstərir ki, YPQQ H5N1 virusunun tənəffüs yollarına hava-damcı yolu ilə düşmə xüsusiyyəti infeksiyanın insandan insana ötürülmə riskini artırır.[45] Bu məməli modelində tənəffüs yolları vasitəsilə ötürülmənin artması ilə müşayiət olunan bir neçə amin turşusu əvəzləyicilərindən bəziləri, hal-hazırda ev quşları arasında sirkulyasiya edən YPQQ H5N1 viruslarında artıq aşkar edilmişdir.[46] Yoluxuculuq qabiliyyətinin artması ilə nəticələnən spontan virus mutasiyalarının ehtimalı çox aşağıdır.[47] Hazırda insanlar arasında epidemioloji əlaqəli hadisələr və əlaqəli olmayan hadisələr də nəzərə alınmaqla, YPQQ H5N1 xəstəlik hadisələrinin mövcud epidemiologiyasındakı dəyişiklik, virus mutasiyaları nəticəsində yoluxuculuq qabiliyyətinin artması və pandemiya potensialının yüksəlməsi kimi qiymətləndirilə bilər.[48] Lakin 2014-2015-ci illər ərzində Misirdə insanlar arasında YPQQ H5N1 xəstəlik hadisələrinin artımına görə aparılan tədqiqatlar, bu artımı virus mutasiyaları ilə deyil, yoluxmuş insanlar arasında diaqnostik müayinələrin aparılmasının artımı ilə əlaqələndirmişdir.[49][50]

"A" qripi virusları genetik rekombinasiyaya məruz qalır. Əvvəlki pandemiya viruslarının insan populyasiyalarında zoonoz rezervuardan mutasiya vasitəsilə (1918 H1N1), aşağı patogenli quş qripi və mövsümi "A" qripi virusları (1957 H2N2, 1968 H3N2) arasında genetik rekombinasiya və üçqat rekombinant donuz qripi "A" (H1N1) və digər donuz qripi "A" virusları (2009 H1N1) arasında genetik rekombinasiya vasitəsi ilə əmələ gəldiyi güman edilir.[51][52]

Patofiziologiya

Yüksək patogenli quş qripi (YPQQ) H5N1 virusu əsasən, lakin tam olaraq deyil, insanın aşağı tənəffüs yollarında yerləşən alfa-2,3-əlaqələri ilə qalaktozaya bitişik sial turşularından ibarət reseptorlara birləşir.[53][54] Belə reseptorlar, həmçinin, insanın mədə-bağırsaq yollarında da qeyd edilir.[55] Əlavə olaraq, yalnız reseptora birləşmə meylliliyi deyil, spesifik struktur quruluşu yuxarı tənəffüs yollarında reseptorlara birləşmədə əhəmiyyətli ola bilər.[56] Həmçinin, insanlarda kliniki nümunələrdən əldə edilən, yuxarı tənəffüs yollarının toxumasına bitişmək potensialına malik YPQQ H5N1 virusu qeyd edilmişdir.[53][57] YPQQ H5N1 virusunun aşağı tənəffüs yollarında yüksək səviyyəli və uzunmüddətli replikasiyası iltihabönü sitokinlərin və xemokinlərin inkişafına səbəb olur ki,[58][59] bu da ağciyərlərdə kapilyar sızmasına, diffuz alveolyar çatışmazlığa və ağciyərlərin kəskin zədələnməsinə və KRDS-in inkişafına səbəb ola bilər. YPQQ H5N1 viremiyası ölüm hallarında[59] və virusun baş beyin toxumasına yayılması zamanı; və onurğa-beyin mayesindən izolyasiyazı zamanı, mədə-bağırsaq infeksiyası və virusun çift və dölün ağciyər toxumasında aşkar edilməsi ilə şaquli ötürülmənin təsdiqi zamanı müşahidə edilir.[20][60] Reaktiv hemofaqositoz da qeyd edilmişdir.[60]

Quş qripi A virusları, eləcə də YPQQ H5N1 virusu potensial olaraq insanlara müxtəlif cür ötürülə bilər.

  • Xəstə və ya ölü ev quşları və ya onların məhsulları ilə birbaşa təmas (toxunma) və ya yaxın təmas quş qripi A viruslarının insanlara ötürülməsində əsas risk faktoru olduğu ehtimal edilir.[17]

  • Tərkibində infeksion YPQQ H5N1 virusu olan aerozollaşmış kütlənin (ev quşlarının nəcisi) tənəffüs yollarına düşməsi infeksiyanın ev quşlarından insana ötürülməsinin ehtimal olunan yoluxma yoludur.

  • YPQQ H5N1 viruslu material ilə birbaşa təmasdan sonra selikli qişaların özünü yoluxdurması (yoluxmuş quşlara toxunma və ya təmizləmə) və ya ev quşlarının nəcisi və ya YPQQ H5N1 viruslu məhsullar ilə çirklənmiş səthlərdən selikli qişalara dolayı (əşyalar vasitəsilə) təmas ilə ötürülməsi fərziyyəsi də irəli sürülür.

  • Sahə tədqiqatlarında ev quşlarının çiy məhsullarından, eləcə də yoluxmuş quşların qanından istifadə olunması potensial risk faktoru kimi müəyyən edilmişdir, lakin infeksiyanın ötürülməsinin insanların mədə-bağırsaq yollarında baş verib-vermədiyi məlum deyil.

Təsnifat

Patogenlik

"A" quş qripi virusu molekulyar və patogenlik meyarlarına əsasən aşağı patogenli quş qripi (APQQ) və ya yüksək patogenli quş qripi (YPQQ) kimi təsnif olunur.

  • Bir çox ştammlar APQQ viruslarından ibarətdir və ev quşlarında asimptomatik infeksiyaya və ya yüngül xəstəliyə səbəb olur. APQQ H6N1, H7N2, H7N3, H7N7, H7N9, H9N2, H10N7 və H10N8 virus ştammları insanları yoluxdurmuş, konyunktivitdən başlayaraq yuxarı və aşağı tənəffüs yollarının qeyri-ölümcül xəstəliyi, aşağı tənəffüs yollarının ağır xəstəliyi və ölüm (H7N9, H10N8) arasında dəyişən xəstəliyə səbəb olmuşdur.[3][4][5][6][7]

  • Bu günə kimi müəyyən edilən YPQQ ştammları H5 və H7 yarımtiplərindən ibarətdir və ev quşlarında ciddi xəstəliyə səbəb olur. İnsanlar arasında YPQQ virusu infeksiyaları asimptomatik infeksiyadan başlayaraq ciddi və ya ölümcül xəstəlik arasında dəyişmişdir. İnsanlar arasında nadir hallarda, sporadik olaraq H5N1, H5N6, H7N3 və H7N7 viruslarından ibarət YPQQ virus infeksiyası aşkar edilmişdir və konyunktivitdən (H7N3, H7N7) başlayaraq ağır pnevmoniya, KRDS və ölümcül nəticələr (H7N7, H5N1, H5N6) arasında dəyişən genişspektrli xəstəliyə səbəb olmuşdur.[8][9][10][11]YPQQ H7N9 virusu ilk dəfə 2017-ci ilin fevral ayında Asiyada Çin Xalq Respublikasında aşkar olunmuşdur.

Antigen strukturu (genetik qruplar)

2014-cü ildə Ümumdünya Səhiyyə Təşkilatı/Heyvan Sağlamlığı üzrə Ümumdünya Təşkilatı/Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı H5N1 Təkamül İşçi Qrupu YPQQ H5N1 nomenklaturası üçün yenilənmiş variant nəşr etmişdir.[12] Nəzərdən keçirilən bu nomenklatura sisteminə əsasən quşlar arasında sirkulyasiya edən YPQQ H5N1 virus ştammları bir neçə qruplar üzrə təsnif olunur və altqruplara və nəsillərə bölünür.[13][14] Sirkulyasiya edən YPQQ H5N1 virus ştammları hal-hazırda 1.1, 2.1, 2.2, 2.3 və 7 monofiletik qruplar və alt monofiletik qruplardan ibarətdir.[15] Antigen cəhətdən fərqli sirkulyasiya edən altqrupların əlavə alt bölgüləri də təsvir olunmuşdur (məs., 1.1.1, 1.1.2, 2.1.3, 2a, 2.3.2, 2.3.4 və 7.2) və onlar antigen cəhətdən dəyişməkdə davam edirlər.[12][16] Bu antigen dəyişikliklər peyvənd hazırlanmasında mühüm rola malikdir. İnsanları yoluxdurmuş monofiletik qruplara 0, 1, 2 və 7 aiddir.[17] YPQQ H5N1 virusu insanlar arasında nadir hallarda, sporadik olaraq infeksiyalar törətməyə davam edir, ölümcül nəticələrə səbəb olur. 2005-ci ildən etibarən insanlar arasında ən çox rast gələn YPQQ H5N1 virusu infeksiyalarına monofiletik qrup 2 virus ştammı səbəb olmuşdur. YPQQ H5N1 virus ştammları yoluxmuş quşlar arasında təkamül etməkdə davam edir.

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.