Epidemiologiya

AXOX ölümün aparıcı səbəbləri arasında dünya üzrə dördüncü, ABŞ-da isə üçüncü yerdə durur.[1][3] AXOX üzrə ölüm göstəricisi 1970-2002-ci illər arasında 100%-dən artıq artım nümayiş etdirmişdir.[4] ABŞ-da ölümün əsas səbəblərindən heç biri üzrə bu qədər sürətli artım müşahidə edilməmişdir. Dünya üzrə AXOX yüksək gəlir səviyyəsinə malik ölkələrdə 3,8%, aşağı gəlir səviyyəsinə malik ölkələrdə isə 4,9% ölüm göstəricisi nümayiş etdirir.[5]

Müxtəlif ölkələr arasında AXOX-un prevalentliyində əhəmiyyətli variabellik müşahidə olunur. [6][7][8] Bu, tütün tüstüsü, eləcə də, qapalı yerdə və peşə ilə əlaqədar çirkləndiricilərə məruzqalma göstəricilərinin fərqli olması ilə əlaqədar ola bilər.[5] Böyük Britaniyada 1990-1997-ci illər arasında həkimlər tərəfindən diaqnostika olunan AXOX-un prevalentliyi kişilərdə 2%, qadınlarda isə 1% təşkil etmişdir.[9] Keçmişdə AXOX kişilər arasında daha çox rast gəlirdi. Bu fərqin, əsasən, tütün tüstüsü və peşə çirkləndiricilərinə kişilərin daha çox məruz qalması ilə əlaqədar olduğu güman edilirdi. Aparılmış sorğular göstərmişdir ki, getdikcə AXOX-un kişi və qadınlar arasında prevalentliyi bərabərləşməkdədir.[7][10] AXOX səhiyyə sistemində əhəmiyyətli xərclərə səbəb olur.[6] AXOX xəstələrində xəstələnmə və ölüm göstəriciləri əsasən kəskinləşmələrlə əlaqədardır və illik orta say 1-3 arasında dəyişir.[11][12] Dəqiq müəyyən edilmişdir ki, AXOX-un daha ağır kəskinləşmələrində zamanla ölüm göstəricisi daha yüksək olur.[6] Lakin ola bilsin ki, ölüm göstəriciləri həqiqi rəqəmlərdən daha aşağı olaraq verilir, belə ki, bu xəstə qruplarında ölüm tez-tez digər etioloji amillərin, məsələn, tənəffüs pozğunluqları, ağciyər xərçəngi və ürək-damar xəstəlikləri hesabına meydana çıxır.[6]

AXOX kəskinləşməsinə çox vaxt bakteriya və ya virus törədiciləri, çirkləndiricilər, temperatur və rütubətliliyin dəyişməsi səbəb olur və o, kəskin başlanan, eləcə də, tənəffüs simptomları, ağciyər funksiyaları, funksional status və həyat keyfiyyətinin davamlı pisləşməsi ilə xarakterizə olunan haldır.[11][13][14][15][16][17][18] Kəskinləşmələrin sayı və bütün səbəblərdən ölüm göstəricisi qış aylarında daha yüksək olmağa meyllidir.[19] AXOX kəskinləşmələri, xüsusilə də orta və ağır dərəcəli variantlar ictimai səhiyyədə əhəmiyyətli təsirə malik olub, tibb xidmətlərindən istifadəni və səhiyyə üzrə xərclərin artması, eləcə də, ölüm göstəricisinin yüksəlməsi ilə səciyyələnir.[20][21][22][23][24] Ağır dərəcəli AXOX kəskinləşməsi ilə hospitalizasiya olunmuş xəstələrdə erkən ölümə çox vaxt ağciyər emboliyası, pnevmoniya və ya XÜÇ kimi yanaşı patologiyalar səbəb olur. [25] Həmçinin, kəskinləşmədən sonrakı dövrdə xəstədə miokard infarktı və insult riski mövcud ola bilər.[26]

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.