Yanaşma

İndiyədək AXOX-un kəskinləşməsinin çoxsaylı tərifləri verilmişdir və onların bir çoxu bənzər komponentlərdən ibarətdir. Aşağıdakılardan biri müşahidə olunan AXOX xəstələrində epizodlar diaqnostika olunur: tənəffüs funksiyalarının və fizioloji statusun pisləşməsi;[11] və ya öskürəyin çoxalması, təngnəfəsliyin artması və/və ya ifraz olunan bəlğəmin həçminin və xarakterinin dəyişməsi,[63] xüsusilə, əgər bu dəyişikliklər kəskin başlanğıca və dayanıqlığa malikdir və xəstənin əsas müalicə sxeminin dəyişdirilməsinə gətirib çıxarırsa.[1][172][173][174]

Kliniki müayinə

Potensial kəskinləşmə epizodu ilə müraciət edən xəstələrin əksəriyyətinin vəziyyəti ambulator müayinə və müalicə aparmağa imkan verəcək qədər stabil olur. Kliniki qiymətləndirməyə aşağıdakıların müəyyən edilməsi aiddir: həyat əlamətləri (SaO2-nin nəbz oksimetriyası vasitəsilə ölçülməsi də daxil olmaqla), psixi status, anamnezdə xəstənin əsas simptomları ilə əlaqəli digər əlamətlərin olması və ev şəraitində özünəqulluğun davam etdirilməsinin mümkünlüyü. Kəskinləşmə riski aşağıdakı hallarda da qiymətləndirilməlidir: tənəffüs yollarının ağır və ya çox ağır dərəcəli obstruksiyası olan, anamnezində son bir il ərzində iki və ya daha artıq kəskinləşmə olmuş və ya kəskinləşmə ilə əlaqədar hospitalizasiya olunmuş xəstələr növbəti kəskinləşmənin baş verməsi üzrə yüksək risk qrupu hesab edilirlər.[1] Xəstəyə təngnəfəslik, öskürək, fitverici tənəffüs və ya bəlğəm ifrazının əvvəlki səviyyəsi ilə müqayisədə, hər hansı dəyişikliyin olub-olmaması, hərarət, istənilən digər ocaqlı şikayətlər (məs., döş qəfəsində ağrı, yuxarı tənəffüs yollarının infeksiyası əlamətləri, ürək çırpınması, başgicəllənmə və ya aşağı ətraf ödemi) haqqında suallar verilməlidir. Həmçinin, təcili inhalyator istifadəsinin tələb olunmasında və əlavə oksigen istifadəsində baş verən dəyişikliklər də daxil olmaqla, hazırkı medikamentoz terapiyaya dair məlumatlılıq və terapiya sxeminə komplaentlik barədə soruşulmalıdır. Müayinə zamanı auskultasiyada fitverici tənəffüs aşkar edilə bilər və xəstədə tənəffüs çatışmazlığı (məs., taxipnoe, tənəffüs aktında yardımçı tənəffüs əzələlərinin iştirakı, qarının paradoksal hərəkəti və/və ya sianoz), ağciyər ürəyi, hemodinamik stabilliyin pozulması və psixi durumun pisləşməsi əlamətlərinə nəzarət edilməlidir.

Laborator müayinələr və vizualizasiya

Diaqnostik müayinələr, adətən, orta və ağır dərəcəli kəskinləşmə hallarında tətbiq edilir. Əlamətlərinə həyat göstəricilərinin qeyri-stabilliyi, kəskin simptomlar, nəbz oksimetriyasında SaO2-nin azalması, ventilyasiya funksiyasının çatışmazlığı və ya psixi durumun dəyişməsi (məs., sayıqlama, letargiya, koma) aid edilə bilər, lakin bunlarla məhdudlaşmır. Həmçinin, kəskinləşmə epizodu diaqnozunun qoyulması çətinlik törətdikdə, diaqnostik müayinələr aparıla bilər.

Orta və ya ağır kəskinləşmə zamanı aparılan diaqnostik müayinələrə aşağıdakılar aid edilə bilər:

  • Nəbz oksimetriyası

  • Döş qəfəsinin rentgeni

  • EKQ

  • arterial qanın qaz tərkibi

  • Qanın ümumi kliniki analizi və trombositlər

  • Elektrolitlər

  • Kreatinin

  • Sidik cövhərinin miqdarı

  • Bəlğəmin analizi.

Ağır hallarda bəlğəm yaxmasının Qram üsulu ilə boyanması və əkmə həyata keçirilməlidir, və əgər hospitalizasiya nəzərdə tutulursa və mümkündürsə, törədicinin xəstəxanadaxili yayılmasının qarşısını almaq məqsədilə respirator virusların (məsələn, qrip, respirator-sinsitial virus və paraqrip) aşkarlanması istiqamətində müayinələr aparılmalıdır.

Yeni tədqiqatlar

Bakterial infeksiyalar zamanı prokalsitonin diaqnostikanın perspektivli biomarkeri hesab edilir, cünki o, bir qayda olaraq, ağır bakterial infeksiyalar zamanı yüksəlir, virus infeksiyalarında isə aşağı olur. ABŞ-ın Qida və Dərmanlara nəzarət Agentliyi prokalsitonini tənəffüs yollarının kəskin infeksiyaları olan xəstələrin antibakterial terapiyasının istiqamətləndirilməsi testi kimi qəbul edib. Tənəffüs yollarının kəskin infeksiyaları olan xəstələrin antibiotiklərlə müalicəsinin idarə olunmasında prokalsitonin istifadəsinin Koxreyn icmalı göstərmişdir ki, prokalsitonin AXOX-un kəskinləşməsi daxil olmaqla, bütün xəstələrdə ölüm riskini azaltmış və antibiotiklərdən istifadənin və bununla bağlı yan təsirlərin azalmasına səbəb olmuşdur.[175]Onun kliniki təcrübədə istifadəsinin təsis edilməsi üçün növbəti tədqiqatlar aparılmalıdır.


EKQ-nin animasiyalı nümayişiEKQ-nin animasiyalı nümayişi

Mil arteriyası punksiyasının animasiyalı nümayişiMil arteriyası punksiyasının animasiyalı nümayişi

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.