Etiologiya

İnkişaf etmiş ölkələrdə AXOX-un ən çox rast gələn etioloji amilinə tütün tüstüsünə məruzqalma aiddir. Məlumatlar göstərmişdir ki, müəyyən müddət keçdikdən sonra xroniki siqaret çəkənlərin 50%-də AXOX inkişaf edir.[6][27] AXOX-un inkişafı mürəkkəb proses olub, mexanizmləri tam məlum deyil. AXOX-un patogenezində iltihabın, oksidant-antioksidant, eləcə də, proteaza-antiproteaza tarazlıqlarının pozulmasının və bir sıra digər proseslərin (residiv infeksiyalar, immun sistemin "qocalması", autoimmunitet, toxuma sağalması prosesinin pozulması və digər mexanizmlər) rol oynadığı müşahidə edilmişdir. Siqaretçəkmə AXOX-un qəbul edilmiş səbəbi olsa da, bu patologiyanın inkişaf riski cins, genetik və sosial-iqtisadi amillər, eləcə də, toz, kimyəvi maddələr və ya atmosfer çirkləndiriciləri ilə təmas və erkən uşaqlıq dövründə keçirilmiş ağır respirator infeksiyalardan da asılı ola bilər. AXOX kəskinləşmələri xəstəliyin gedişində xəstənin həyat müddəti boyunca fasilələrlə təkrarlanır. Kəskinləşmələr ağırlıq dərəcəsinə görə müxtəlifdir və onlara, əsasən, infeksiya (həm virus, həm də bakterial) və atmosfer çirkləndiricilərinin təkan verdiyi ehtimal edilir.[28] AXOX kəskinləşmələrinin təxminən 2/3-də hər hansı etioloji amili dəqiq müəyyən etmək mümkün olmur. Belə hallarda respirator dekompensasiyanın digər səbəbləri (məs., durğunluq mənşəli ürək çatışmazlığı və ya ağciyər emboliyası) diqqətlə araşdırılmalıdır.[5][6]

Kəskinləşmə epizodunda FEV1, forsirə olunmuş həyat tutumu (FVC) və pik nəfəsvermə sürətinin (PEF) azalması aşkar edilir və qismən də olsa, tənəffüs yollarının iltihabı ilə əlaqədar olur.[11][28][29] Lakin kəskinləşmələrin diaqnostikası spirometriya göstəriciləri əsasında deyil, daha çox tipik əlamətlərə istinadən aparılır.[30]

50-70% hallarda kəskinləşməyə bakterial patogenlərin səbəb olduğu ehtimal edilir. Ən çox aşkar olunan bakteriyalara Haemophilus influenzae, Streptococcus pneumoniae və Moraxella catarrhalis aiddir.[28][31] Mycoplazma və Chlamydia pneumoniae kimi atipik bakteriyaların, eləcə də, rinovirus, qrip, paraqrip respirator sinsitial virusları və insanın metapnevmovirusunun da kəskinləşməyə səbəb ola bildiyi güman edilir.[32][33][34][35] İlkin ağciyər funksiyalarındakı pisləşmənin ağırlıq dərəcəsi ən çox ehtimal edilən törədicilərin spektrini müəyyənləşdirməyə kömək edir.[31]

Həmçinin, kəskinləşmə tüstü hissəcikləri, kükürd-4 oksid, azot-4 oksid və ozon kimi atmosfer çirkləndiriciləri hesabına da meydana çıxa bilər.[36][37]

Patofiziologiya

Əksər AXOX xəstələrində siqaretçəkmə və ya siqaret tüstüsünə başqa yolla məruzqalma qeyd edilir. Tüstünün komponentləri ağciyərlərin epitelial hüceyrələri arasındakı sıx birləşmələrin tamlığının pozulmasına gətirib çıxarır,[38] iltihabı stimulyasiya edir və məlum olduğu kimi, normalda steril olan aşağı tənəffüs yollarında patogenlərin əmələ gəlməsi ehtimalını artıraraq, tənəffüs yollarının mukosiliar klirensinin azalmasına səbəb olur.[39][40][41] Mikrob florasının mövcudluğu antigenlərin təqdim olunması və əvvəlcə anadangəlmə, daha sonra isə adaptiv immunitetin stimulyasiyası ilə nəticələnir.[42] Zaman keçdikdə, tütün tüstüsünün səbəb olduğu xroniki qıcıqlanma və iltihab reaksiyası emfizema, tənəffüs yollarının selik vəzilərinin hipertrofiyası, xırda bronxların fibrozu və ağciyərlərin elastik spirallaşma qabiliyyətinin azalmasına gətirib çıxarır.[43] Elastik spirallaşma qabiliyyətinin (emfizema ilə əlaqədar) azalması və/və ya xırda bronxların iltihab nəticəsində obstruksiyası, ödem və seliyin hipersekresiyası FEV1 və FEV1/FVC göstəricilərinin azalmasına səbəb olur.[44] Ağciyərlərin hiperemfizeması nəticəsində tənəffüs yollarının keçiriciliyinin məhdudlaşması təngnəfəsliyin əsas səbəbidir.[45] Bronxial astmadan fərqli olaraq, AXOX zamanı tənəffüs yollarının keçiriciliyinin məhdudlaşması medikamentoz terapiya vasitəsi ilə tam geridönən proses deyil.[46] Bundan əlavə, həm bronxial astma, həm də AXOX-un patogenezinin əsasında iltihab dursa da, bu iki patologiyada meydana çıxan spesifik iltihab bir-birindən fərqlənir.[12] Lakin AXOX xəstələrinin mühüm əksəriyyətində bronxodilatator terapiyası ilə geri döndərilə bilən tənəffüs yollarının obstruksiyası komponenti də mövcud olur.[47] Əslində, bütün AXOX hallarında yeganə əsas müalicə variantını bronxodilatator inhalyasiyası (beta-2-aqonistlər və antixolinergik preparatlar) təşkil edir, çünki bu preparatlar bronxları genişləndirməkdən əlavə dinamik hiperemfizemanı da azaldır.[48][49]

AXOX-un kəskinləşməsi respirator simptomların (məsələn, təngnəfəslik, öskürək, bəlğəm ifrazı) kəskin ağırlaşması kimi müəyyən edilir ki, bu da əlavə müalicəyə ehtiyac yaradır.[1] Belə görünür ki, pisləşmə infeksiya, atmosfer çirkləndiriciləri və/və ya digər faktorlarla əlaqədar tənəffüs yollarında iltihab hüceyrələri və zülalların sayının artması nəticəsində meydana çıxır.[29][50][51][52] Kəskin və ya xroniki iltihablı cavab reaksiyası və/və ya yanaşı bronxokonstriksiya nəfəsvermə zamanı havanın ağciyərlərdən xaric olmasını məhdudlaşdırır.[14] Nəfəsvermənin məhdudlaşması tənəffüs zamanı müqavimətin və ventilyasiya/perfuziya uyğunsuzluğunun artması, eləcə də, qazlar mübadiləsində pozğunluqla nəticələnir. Həmçinin, o, hiperemfizemaya səbəb olur ki, sonuncu da öz növbəsində ağciyərlərin mexaniki işindəki pozğunluqları daha da dərinləşdirir, funksiyanın azalması və tənəffüs əzələlərinin yorğunluğuna gətirib çıxarır.[14] AXOX-un kəskinləşməsi zamanı xəstədən müayinə üçün material götürülməsindəki çətinliklər və təkanverici faktorların heterogenliyi kəskinləşmə epizodu zamanı yaranan iltihab haqqında bilikləri məhdudlaşdırır.

Kəskinləşmə AXOX xəstəsində fəallıq səviyyəsi, funksional status və həyatın keyfiyyətinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərir.[1][12][53] Bundan əlavə, kəskinləşmə baş verdikdə sağalma prosesi uzun sürə bilər və bəzi xəstələrdə ağciyər funksiyaları və/və ya ümumi funksional statusun əvvəlki vəziyyəti heç vaxt tam bərpa olunmur.[11] Elmi dəlillər ehtimal etməyə əsas verir ki, AXOX proqressivləşdikcə təkcə kəskinləşmələrin tezlik və ağırlıq dərəcəsi daha da artmır,[54][55] həm də bu proseslər öz növbəsində AXOX zamanı ağciyər funksiyalarının pisləşməsini sürətləndirir.[22] Həqiqətən də bəzi xəstələrdə AXOX-un ağırlıq dərəcəsindən asılı olmayaraq, kəskinləşmə riski arta bilər (yəni, həssaslığın artması fenotipi meydana çıxır).[55] AXOX xəstələrinin qiymətləndirilməsinə dair hazırkı tövsiyələrdə tənəffüs yollarının keçiriciliyinin məhdudlaşma dərəcəsinin təyin edilməsi, simptomların, eləcə də, kəskinləşmə riskinin qiymətləndirilməsi də daxildir. Tənəffüs yollarının ağır və ya çox ağır dərəcəli obstruksiyası zamanı anamnezində son bir il ərzində iki və ya daha artıq kəskinləşmə olmuş və ya kəskinləşmə ilə əlaqədar hospitalizasiya olunmuş xəstələr növbəti kəskinləşmənin baş verməsi üzrə yüksək risk qrupu hesab edilirlər.[1] AXOX-la əlaqədar kəskinləşmə və/və ya hospitalizasiya ilə assosiasiya olunan bir neçə əlavə faktor da mövcuddur.[56][57] AXOX kəskinləşmələri, xüsusilə də, hospitalizasiya tələb edən hallar ölüm göstəricisinin, eləcə də, tibbi xərclərin artması ilə əlaqələndirilir.[1]

Təsnifat

Ağciyərlərin xroniki obstruktiv xəstəliyinin kriteriləri üzrə Qlobal Təşəbbüs (AOXQ)[1]

Ağciyərlərin funksional testində, adətən, AXOX üçün bronxodilatatordan sonrakı FEV1/FVC göstəricisi <0,70 diaqnostik hesab olunur. Ağciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə Qlobal Təşəbbüs (AOXQ) hava axınının məhdudlaşdırılmasını mərhələlərə görə təsnif edir. FEV1/FVC <0,70 olan xəstələr:

  • AOXQ 1 - mülayim: FEV1 ≥ 80% gözlənilir

  • AOXQ 2 - orta: 50% ≤ FEV1 <80% gözlənilir

  • AOXQ 3 - ağır: 30% ≤ FEV1 <50% gözlənilir

  • AOXQ 4 - çox ağır: FEV1 <30% gözlənilir.

AOXQ təlimatlarında AXOX-un qiymətləndirilməsi üçün simtomlar və keçmiş kəskinləşmələr anamnezindən asılı olaraq kombinə olunmuş yanaşmadan istifadə olunur. Simptomlar "Modifikasiya edilmiş Britaniya Tibbi Tədqiqat Şurası"nın (mMRC) meyarları və ya AXOX-un qiymətləndirilmə testi (CAT) şkalasından istifadə edilməklə qiymətləndirilir.

  • Qrup А: aşağı risk (ildə 0-1 dəfə kəskinləşmə, hospitalizasiya tələb olunmur) və az sayda simptomlar (mMRC 0-1 və ya CAT <10)

  • Qrup B: aşağı risk (ildə 0-1 dəfə kəskinləşmə, hospitalizasiya tələb olunmur) və simtomların sayı daha çoxdur (mMRC ≥2 və ya CAT ≥10)

  • Qrup C: yüksək risk (ildə ≥2 kəskinləşmə və ya bir neçə hospitalizasiya) və az sayda simptomlar (mMRC 0-1 və ya CAT <10)

  • Qrup D: yüksək risk (ildə ≥2 kəskinləşmə və ya bir neçə hospitalizasiya) və simtomların sayı çoxdur (mMRC ≥2 və ya CAT ≥10).

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.