Yanaşma

Anamnez

AXOX gizli başlanğıca malikdir və adətən, yaşlı insanlarda özünü büruzə verir. Xüsusilə fiziki məşqlər zamanı bəlğəmli öskürək, fitverici tənəffüs və təngnəfəslik anamnezi səciyyəvidir. Daimi gecə öskürəyi, davamlı hipoksiya və hiperkapniyaya ikincili olan yuxu pozğunluğu nəticəsində xəstələr yorğunluqdan şikayət edə bilər. Xəstənin siqaretçəkmə anamnezi, peşə ilə əlaqədar təsirlər və ağciyər xəstəliklərinə dair istənilən ailə anamnezi müəyyənləşdirilməlidir.

AXOX xəstələrində ağır infeksion kəskinləşmə zamanı ağır təngnəfəslik, hərarət və döş qəfəsində ağrı da özünü göstərə bilər.

Fiziki müayinə

Müayinədə taxipnoe, respirator distres, yardımçı əzələlərin istifadəsi və qabırğalararası retraksiya özünü göstərə bilər. Çəlləyəbənzər döş qəfəsi ümumi müşahidədir. Zərbə etməklə hiper əks-səda, auskultasiyada kənar tənəffüs küyləri və zəif hava mübadiləsi ola bilər. Fitverici tənəffüs, kobud xırıltılar, bərkimə və sianoz, sağ tərəfli ürək çatışmazlığı (boyun damarlarının genişlənməsi, yüksək P2, hepatomeqaliya, hepatoyuqulyar reflyuks və aşağı ətraf ödemi) əlamətləri özünü göstərə bilər. Nadir hallarda xəstələrdə asteriks - hiperkapniya vasitəsilə yaranmış açılmış qollarda (adətən, qatlanan hissə kimi bilinən) postural nəzarətin itirilməsi özünü göstərə bilər. Bu, ağciyər parenximasında maneəli qaz mübadiləsi ilə bağlıdır, məşqlər zamanı daha da pisləşir və tənəffüs pozğunluğunun əlamətidir.

İlkin sınaqlar, stabil xəstəlik

Spirometriya AXOX-u diaqnoz etmək və xəstəliyin proqressivləşməsinə nəzarət etmək üçün ilkin sınaqdır. AXOX olan xəstələr spirometriyada FEV1 və FEV1/FVC əmsalının azalması ilə fərqli nəticəyə malik olurlar. Ağciyərlərin Xroniki Obstruktiv Xəstəliyi üzrə Qlobal Təşəbbüs (AOXQ) meyarı ilə hava axınının məhdudlaşmasının olması bronxodilatatordan sonrakı FEV1/FVC əmsalı <0,70 kimi müəyyənləşdirilib.[1] FVC-ni ölçmək çətin olan hallarda 6 saniyə ərzində forsirə olunmuş nəfəsvermə həcmi (FEV6) ölçülə bilər.[22] Döş qəfəsinin rentgen müayinəsi (DQR) nadir hallarda istifadə olunur, lakin digər diaqnozları istisna etməyə yardım edə bilər. Hipoksiyanın təyin edilməsi üçün nəbz oksimetriyası aparılır.

Hava axınının məhdudlaşmasına əlavə olaraq, AOXQ təlimatları AXOX-un təbii kursuna təsir etməkdə kəskinləşmənin vacibliyini tanıyır və kəskinləşmələr və yanaşı xəstəliklər üçün simptomların, risk faktorlarının qiymətləndirilməsinə diqqət yetirir.[1]

Simptomları qiymətləndirmək üçün Modifikasiya edilmiş Britaniya Tibbi Tədqiqat Şurası (mMRC) sorğu və ya AXOX qiymətləndirmə sınağını (CAT) tövsiyə edir. Bunları AOXQ təlimatlarında tapmaq olar.[1]

Daha əvvəl müalicə edilən kəskinləşmələrin sayı (ildə 2 və daha çox) digər kəskinləşməni göstərən ən yaxşı göstəricidir. Əvvəlki kəskinləşmələrə əlavə olaraq, hava axını məhdudlaşmasının <50% olması kəskinləşmələrin göstəricisidir.

AOXQ təlimatlarında AXOX-un qiymətləndirilməsi üçün simtomlar və keçmiş kəskinləşmələr anamnezindən asılı olaraq, kombinə olunmuş yanaşmadan istifadə olunur. Simptomlar mMRC və ya CAT şkalalarından istifadə etməklə qiymətləndirilə bilər.

  • Qrup А: aşağı risk (ildə 0-1 dəfə kəskinləşmə, hospitalizasiya tələb olunmur) və az sayda simptomlar (mMRC 0-1 və ya CAT <10)

  • Qrup B: aşağı risk (ildə 0-1 dəfə kəskinləşmə, hospitalizasiya tələb olunmur) və simtomların sayı daha çoxdur (mMRC ≥2 və ya CAT ≥10)

  • Qrup C: yüksək risk (ildə ≥2 kəskinləşmə və ya bir neçə hospitalizasiya) və az sayda simptomlar (mMRC 0-1 və ya CAT <10)

  • Qrup D: yüksək risk (ildə ≥2 kəskinləşmə və ya bir neçə hospitalizasiya) və simtomların sayı çoxdur (mMRC ≥2 və ya CAT ≥10).

İlkin sınaqlar, kəskin ağırlaşma

Kəskin simptomlara malik xəstələr qanın ümumi analizi, EKQ, döş qəfəsinin rentgen müayinəsi və qaz mübadiləsinə (nəbz oksimetriyası və/və ya arterial qanın qaz tərkibi) görə müayinədən keçirilməlidir.[1] Kəskin ağırlaşma zamanı spirometriya tövsiyə edilmir, çünki onun icrası çətin və çox dəqiq olmaya bilər.[1]

Digər laborator müayinələr

Ağır kəskinləşmə zamanı xəstənin yalnız aşağıdakı 3 aparıcı simptomu olduqda empirik antibiotiklər təyin etmək olar: təngnəfəsliyin, bəlğəmin həcminin və bəlğəmin irinliliyinin artması; və ya əgər xəstədə 2 aparıcı simptom varsa və bu iki simptomdan biri bəlğəmin irinliliyinin artmasıdırsa; və ya əgər xəstənin mexaniki ventilyasiyaya ehtiyacı varsa. Tez-tez təkrarlanan kəskinləşməsi olan, hava axınını kəskin məhdudlaşması olan və/və ya mexaniki ventilyasiya tələb edən kəskinləşməsi olan xəstələrdə bəlğəm əkməsi icra olunmalıdır.[1]

İxtisaslaşdırılmış laboratoriyalarda keçirilmiş ağciyər funksiyalarının ətraflı qiymətləndirilməsi ağciyərlərin karbon monoksid üçün diffuzion bacarığını (DLCO), hava axını həcmini və nəfəsalma gücünü ölçməyə imkan verir. Onlar müntəzəm olaraq istifadə edilmir, lakin diaqnostik tərəddüdləri həll etməkdə və əməliyyatdan əvvəlki qiymətləndirmədə faydalı ola bilər.[1]

Ailə anamnezi olan gənc xəstələrdə (<45 yaş) və ya tomoqrafiya sınaqlarında sürətlə irəliləyən xəstəlik və aşağı paylarda dəyişikliklər varsa, alfa-1 antitripsin səviyyəsi yoxlanılmalıdır. Ümumdünya Səhiyyə Təşkilatı tövsiyə edir ki, AXOX diaqnozlu bütün xəstələr heç olmasa 1 dəfə müayinə olunsunlar, xüsusilə alfa-1 antitripsin çatışmazlığının yüksək rastgəlmə tezliyi qeyd olunan ərazilərdə.[23] Bu, ailənin skrininqi və konsultasiyasına yardımçı ola bilər.

Kompüter tomoqrafiyası anatomik dəyişiklikləri müəyyən edir, lakin diaqnostikada onların istifadəsi cərrahi xəstələr və ya digər patologiyaların istisnası tələb olunan xəstələrlə məhdudlaşır.[1]

Nəbz oksimetriyası tənəffüs çatışmazlığı və ya sağtərəfli ürək çatışmazlığı əlamətləri olan xəstələrin qiymətləndirilməsi üçün istifadə olunmalıdır. Əgər periferik arterial oksigen saturasiyası 92%-dən aşağıdırsa, arterial və ya kapilyar qanın qaz tərkibini ölçmək lazımdır.[1]

Obstruktiv yuxu apnoesi AXOX xəstələrində ölüm riski və hospitalizasiyaların artması ilə əlaqəlidir.[24]

Məşqetmə testi disproporsional təngnəfəslik dərəcəsi olan xəstələrdə faydalı ola bilər.[25] O, tsiklik erqometr və ya qaçış trenajoru vasitəsilə və ya sadə yerimə testi ilə (məsələn, 6 dəqiqə və ya <6 dəqiqə ərzində) aparıla bilər.[26] Məşq sınağı reabilitasiya üçün seçilmiş xəstələrdə də istifadə edilir. Əgər təngnəfəslik və ya hiperkapniya FEV1-ə nisbətən disproporsional artırsa, o zaman pis qidalanan və kortikosteroid miopatiyası olan xəstələrdə də respirator əzələ funksiyası sınaqdan keçirilə bilər.[27]


Mil arteriyası punksiyasının animasiyalı nümayişiMil arteriyası punksiyasının animasiyalı nümayişi

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.