Yanaşma

Ebola virusu infeksiyası haqqında təcili bildiriş verilməli xəstəlikdir. Ebola virusu infeksiyası üçün xəstəlik hadisəsinin təyini çox genişdir və mümkün differensial diaqnozların uzun siyahısından ibarətdir.

Şübhəli Ebola virusu infeksiyasına malik xəstənin ilkin qiymətləndirilməsi 2 əsas faktordan asılıdır:

  • Epidemioloji risk (son 21 gün ərzində endemik ərazidə yaşamaq və ya işləmək, yaxud həmin əraziyə səyahət etmək); və

  • Son 24 saat ərzində hərarət anamnezi.

İzolyasiya və fərdi mühafizə vasitələri (FMV)

İnfeksion nəzarət riski qiymətləndirilməlidir. Xəstənin yoluxucu olduğu müəyyənləşdirildikdən sonra həkim xəstənin hal-hazırda hansı dərəcə yoluxucu olduğunu müəyyənləşdirməlidir. Məsələn, qusma/ishalın rast gəlməməsi riski azaldır; baxmayaraq ki, nəzarətsiz ishal ötürülmə riskini olduqca artırır.

Simptomatik xəstənin yoluxma riskinin müəyyən edilməsi infeksiya təsdiq və ya istisna edilənə kimi profilaktik izolyasiya proseduralarını və ŞMV-lərdən istifadəni tələb edir. Xəstə ilə işləyərkən ötürülmə riskinin minimuma endirilməsi xüsusilə vacibdir.[72][73]

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (XNPM) FMV üzrə ətraflı təlimat tərtib etmişdir:

XNPM və ÜST, həmçinin, Qərbi Afrikada tibb işçiləri üçün infeksion nəzarət üzrə ətraflı təlimat tərtib etmişdir:

Anamnez

Ətraflı anamnez Ebola virusu infeksiyası üzrə risk səviyyəsini aydınlaşdırmağa, eləcə də kəskin qızdırmalı sindromun digər səbəblərinin mümkünlüyünü qiymətləndirməyə kömək edir.

Endemik ərazilərdə (Qərbi Afrika, Konqo Demokratik Respublikası) yaşayan və ya işləyən insanlar infeksiyanın yüksək riski altındadır. Lakin endemik ərazilərdən son günlərdə qayıtma da əhəmiyyətli risk faktorudur.

İnkişaf etmiş ölkələrdə şübhəli infeksiya müşahidə edilən bir çox xəstələr səyahətçilər və alovlanmalar zamanı xəstələrə qulluq göstərən tibb işçiləridir. Bu səbəbdən, müfəssəl səyahət anamnezi həddindən artıq vacibdir. Endemik ərazidən son günlərdə geri qayıtma anamnezi də mühümdür. Aktiv epidemiyaların coğrafi məkanlarına dair müasir bilik xəstənin epidemioloji riskinə aydınlıq gətirməyə kömək edir.

Tibb işçilərindən başqa, digər yüksək riskli peşələrə endemik ərazilərdə primatlar və ya yarasalar və ya yüksək riskli kliniki nümunələr ilə işləyən insanların peşələri daxildir.

Malyariya Qərbi Afrikadan geri qayıdan səyahətçilərdə də qızdırmalı xəstəliyin ən çox rast gələn səbəbi olduğundan, malyariyanın qazanılmasına görə risk faktorlarının mövcudluğu qiymətləndirilməlidir (endemik ərazidə yaşamaq və ya işləmək, yaxud həmin əraziyə səyahət etmək; kimyəvi profilaktikanın müvafiq olmaması və ya ümumiyyətlə olmaması; insektisidlərdən və ya yataq torlarından istifadə edilməməsi).[74] Lakin 2014-cü il alovlanması zamanı Qərbi Afrikada xəstələrin 5%-də malyariya ilə yanaşı infeksiya müşahidə edilmişdir, belə ki, ikili infeksiyanın mümkünlüyü bütün xəstələrdə nəzərə alınmalıdır.[75]

Yoluxma riski

Müvafiq mühafizə geyimləri olmadan şəxs yoluxmuş xəstənin orqanizminin bioloji mayelərinin təsirinə məruz qalmışsa, yoluxmuş xəstələr ilə təmasda olan şəxslər (səhiyyə işçiləri və məişət daxili təmasda olan şəxslər) infeksiyaya görə risk altındadırlar. Yoluxmadan sonra inkubasiya dövrü 2-21 gün təşkil edir (adətən, 3-12 gün).[2]İnkubasiya dövrü uşaqlarda daha qısa ola bilər.[3] Şəxsin yanından keçmək və ya xəstəxana daxilində hərəkət etmək kimi qısa qarşılıqlı əlaqələr sıx təmas kimi qiymətləndirilmir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təmasda olan şəxs aşağıdakıların olması şərtilə kontakt kimi müəyyən edilir:[76]

  • Xəstə ilə eyni evdə yatmışdır

  • Xəstəlik zamanı və ya dəfndə xəstə ilə birbaşa fiziki təmasda olmuşdur

  • Xəstəlik zamanı xəstənin orqanizminin bioloji mayeləri və ya geyim/yataq ağlarına toxunmuşdur

  • Pasiyent ana südü ilə əmizdirilmişdir (körpələr).

Xəstəlik hadisəsinin təyinləri

Xəstəlik hadisəsinin təyinləri tez-tez yenilənir və təşkilatdan asılı olaraq, dəyişir. ÜST və XNPM tərəfindən xəstəlik hadisəsinin təyinləri üçün keçidlər aşağıda qeyd edilmişdir:

Simptomlar

Xəstələrdə simptomlar əmələ gələnə kimi onlar yoluxucu hesab edilmir. İlkin təzahür qeyri-spesifikdir ki, erkən kliniki diaqnozu çətinləşdirir; halbuki, səciyyəvi simptomlara aiddir:[5]

  • Hərarət

  • Yorğunluq

  • Ürəkbulanma/qusma

  • İshal

  • Başağrı

  • Abdominal ağrı

  • Əzələ ağrısı

  • Gücdəndüşmə

  • Boğaz ağrısı

  • İzah edilməyən qanaxma və ya qançır.

2014-cü il alovlanmasında simptomların başlanması ilə xəstəliyin müəyyən edilməsi arasında qeyd edilmiş ən çox rast gələn simptomlara bunlar daxil olmuşdur: qızdırma (87,1-89%), yorğunluq (76,4%), iştahasızlıq (64,5%), qusma (67,6%), ishal (65,6%), başağrı (53,4%), abdominal ağrı (44,3%) və izah edilməyən qanaxma (18%).[18][22] Döş qəfəsində ağrı (10%), öskürək (7%) və boğaz ağrısı (9%) da rast gəlmişdir,[19] lakin ağciyələrin birbaşa cəlb olunması yalnız nadir hallarda qeyd edilmişdir.[77] Mialgiya, həmçinin, müşahidə olunmuş (22%) və bunu ölçə bilən müəssisələrdə kreatinkinazanın artması rast gəlmişdir (36-83%).[19][75][78][79]

Xəstəlik, tipik olaraq, üç fazada gedir, bir neçə gün davam edən qeyri-spesifik hərarət, başağrı və mialgiya ilə başlayır və daha sonra ishal, qusma, abdominal simptomar və dehidratasiyanın üstünlüyü ilə mədə-bağırsaq fazası davam edir.[54] İkinci həftədə xəstə sağala bilər və ya kollaps, nevroloji təzahürlər və qanaxmadan ibarət olan üçüncü faza ilə vəziyyəti pisləşə bilər. Bu faza, adətən, ölümcüldür.[18]

2014-cü il alovlanmasının məlumatları göstərir ki, uşaqlar infeksiyadan nisbətən azaddır; baxmayaraq ki, bu, xəstəlik hadisəsi kimi qeydiyyatdan keçənə qədər uşaqlar arasında yüksək ölüm göstəricisi və ya tibb işçiləri tərəfindən buraxılmış xətalar ilə əlaqəli ola bilər.[80] Uşaqlar böyüklərdəkinə oxşar simptomlar ilə təzahür olunur; lakin əvvəlki alovlanmalarda daha az yaşlı uşaqlarda daha çox tənəffüs (öskürək, təngnəfəslik) və mədə-bağırsaq simptomları qeyd edilmişdir, amma böyüklər ilə müqayisədə, daha az qanaxma və nevroloji əlamətlər müşahidə edilmişdir.[81] 2014-cü il alovanmasında bu xəstə qrupu üçün məlumatlar az olmuşdur.[81][82] Sierra Leonda pediatrik koqorta tədqiqatı 282 xəstədə simptomları təsvir etmişdir və abdominal ağrı (59%), qusma (60%), ishal (45%) və konyunktivitin (38%) çox rast gəldiyini aşkar etmiş, eyni zamanda, hıçqırtı (5%) və qanaxma (2%) nadir hallarda müşahidə edilmişdir.[83] Sierra Leonda aparılmış digər tədqiqat aşkar etmişdir ki, zəiflik, hərarət və narahatlıq uşaqların 63%-dən çoxunda, iştahasızlıq, ishal və öskürək isə 50%-dən çoxunda meydana gəlmişdir. Bu uşaqların təxminən 25%-inin qəbul zamanı hərarəti olmamışdır.[84]

Qeyri-adi haldır ki, 4 yaşına qədər uşaqlarda ilkin olaraq hərarət əmələ gələnə qədər daha zəif simptomlar müşahidə olunur ki, bu simptomlar xəstəliyin gedişində, adətən, daha sonra inkişaf edir.

Fiziki müayinə

Viruslu hemorragik qızdırma əlamətlərini (konyunktivanın inyeksiyası, tünd qırmızı səpgi və ya digər qanaxma əlamətləri) axtaran zaman sepsisə görə ocağın istisna edilməsi məqsədi ilə tam fiziki müayinə aparılmalıdır.

Mühüm həyat əlamətləri nəzərə alınmalıdır:

  • Hərarət: xəstələrin təqribən 90%-də meydana gələn simptomdur,[18][22][85] mövcudluğu müvafiq epidemioloji kontekstdə infeksiyaya görə narahatlığın artması üçün kifayət edir. Baxmayaraq ki, qızdırma başlıca təzahür olunan simptomdur, infeksiyanın təzahüründə normal hərarət çox rast gəlir. Xüsusilə uşaqlarda xəstəliyin gedişatı ərzində bədən temperaturunda geniş dəyişmələr müşahidə edilə bilər,[84][86]ölümcül infeksiyanın son mərhələlərində normotermiya və ya hipotermiya müşahidə oluna bilər.[16][17][81] Bəzi xəstələrdə ilkin olaraq heç bir digər simptom olmadan aşağı dərəcəli qızdırma müşahidə edilə bilər və ya ilkin qiymətləndirmədə hərarət alternativ olaraq normala yaxın ola bilər.[87] Qızdırmaya görə temperatur həddləri ölkələr və rəhbər qaydalar arasında dəyişir və aşağı temperatur həddindən (yəni, ≥37,5°C) istifadə olunması xəstəlik hadisələrinin aşkarlanmasının həssaslığını artırır.[85][88]Ümumdünya Səhiyyə Təşkilatı >38°C həddindən istifadə edir.[89]Lakin Sierra Leonda aparılmış geniş bir tədqiqatda xəstələrin 30%-dən azı ≥38°C hərarətə malik olmuşdur, baxmayaraq ki, qızdırma anamnezi xəstələrin 89%-də qeyd edilmişdir.[22]

  • Qan təzyiqi: hipotoniya xəstəliyin terminal mərhələsi və şokun xüsusiyyətidir. Endemik ərazilərdə ölçünün aparılması avadanlığının çatışmazlığı səbəbi ilə sahə tədqiqatlarında zəif sənədləşdirilmişdir.[16] Lakin damar sızması və mikrosirkulyasiya çatışmazlığı ilə septiki şok üstün xüsusiyyət deyil.

  • Nəbzin sürəti: xəstəliyin ilkin mərhələlərində bradikardiya mövcud ola bilər, baxmayaraq ki, ölümcül infeksiyaların sonrakı mərhələlərində taxikardiya qeyd oluna bilər.[16]

  • Tənəffüsün sürəti: taxikardiya ilə yanaşı taxipnoe daha ciddi və ya irəliləmiş infekisya ilə əlaqəlidir və çox guman ki, tənəffüs sisteminin cəlb olunmasından daha çox, metabolik asidozun respirator kompensasiyasıdır.[16] Bununla yanaşı, tənəffüs sisteminin cəlb olunması təsvir olunmuşdur.[77]

Digər əlamətlərə aid ola bilər:[16]

  • Makulopapulyoz səpgi: xəstələrin təxminən 25-52%-də xəstəliyin gedişində erkən inkişaf edir,[16] baxmayaraq ki, 2014-cü il alovlanmasında daha az (1-5%) rast gəlmişdir.[18][19][79] Adətən qaşınmayan, eritematöz və makulopapulyoz kimi təsvir olunur. Lokal olaraq başlana bilər, daha sonra diffuz, yayılmış və ümumiləşmiş ola bilər. Bəziləri bunu qızılcayabənzər kimi təsvir etmişdir. Koaqulopatiya müşahidə edilən xəstələrdə infeksiyanın daha sonrakı mərhələlərində tünd qırmızı və ya petexial ola bilər.[23] Tünd rəngli dəriyə malik xəstələrdə ayırd edilməsi çətin ola bilər.

  • Qanaxma: əvvəlki alovlanmalarda yoluxmuş xəstələrin 30-36%-də qanaxma ağırlaşmaları (burun qanaxması, damaqların qanaması, qanhayxırma, asan qançırlanma, konyunktival qanaxma, hematuriya, inyeksiya və ya venepunksiya nahiyələrindən qansızma) qeyd edilmişdir,[11][16][17] lakin 2014-cü il alovlanmasında bu ağırlaşmalar xəstələrin yalnız 5-18%-də qeyd edilmişdir.[18][19][20][21][22] Uşaqlarda daha az rast gəlir.[83]

  • Hıçqırtılar: irəliləmiş infeksiyanın əlaməti, əsasən ölümcül infeksiyaların son 2-3 günündə görünür. Bunlar uşaqlarda daha az rast gəlir.[83][84]

  • Hepatomeqaliya: döş qəfəsindən aşağıda palpasiya olunan qaraciyərin kənar hissəsi ilə ağrılı hepatomeqaliya qeyd edilir, lakin nadir hallarda rast gəlir.

  • Limfadenopatiya: genişlənmiş limfa düyünləri haqqında məlumatlar vardır,lakin az rast gəlir.

  • Nevroloji əlamətlər: huşun aydınlıq dərəcəsinin enməsi, ensefalopatiya və qıcolmalar nadir hallarda rast gəlir, lakin onların mövcudluğu irəliləmiş infeksiyanı göstərir. Sayıqlama 2014-cü il alovlanmasında daha çox meydana gəlmişdir.[79]Sayıqlama uşaqlarda çoxfaktorlu ola və xoşagəlməz proqnozla əlaqəli ola bilər.[84][86]

İlkin müayinələr

Bütün nümunələr ciddi protokollara əsasən toplanılmalıdır. ÜST və XNPM buna dair təlimatlar nəşr etmişdir:

Ebola virusu infeksiyası üçün başlıca təsdiqləyici test Ebola virusu üçün müsbət əks-transkripsiyalı polimeraz zəncirvari reaksiyadır (ƏT-PZR).[90] Bu test xəstə izolyasiyada olan zaman şübhəli Ebola infeksiyası müşahidə edilən bütün xəstələrdə icra olunmalıdır. ELISA testindən fərqli olaraq, 24-48 saat əvvəl nəticənin alınması ilə bağlı üstünlüyə malikdir. Satışda olan bir sıra fərqli PZR dəstləri müxtəlif həssaslığa, spesifikliyə və aşkarlama məhdudiyyətlərinə malikdirlər.[91] Qərb ölkələrində bu müayinə yalnız 4-cü kateqoriya müəssisələrində regional və ya dövlət laboratoriyalarında mövcud ola bilər.[10] Epidemik ərazilərdə və bəzi ölkələrdə 4-cü kateqoriya laboratoriyaları lokal təşkil edilir və nümunə laboratoriyaya daxil olduqdan 4 saat sonra nəticə alınır. Virus RNT-si simptomun başlanmasından sonra 3-cü gündən 6-17-ci günə kimi ƏT-PZR vasitəsilə xəstənin qanında aşkar edilə bilər. Müsbət PZR nəticəsi xüsusilə xəstədə aktivl ishal, qusma və ya qanaxma mövcud olarsa, xəstənin potensial olaraq yoluxucu olduğunu göstərir. Mənfi nəticə əldə olunduqda, test 48 saat ərzində yenidən təkrarlanmalıdır, belə ki, virus yükü aşağı olur və xəstəliyin gedişində erkən aşkar edilməyə bilər. Ciddi şəkildə şübhə olduqda, diaqnozu müəyyən etmək üçün mənfi testlər təkrarlanmalıdır (və ya infeksiyanın aradan qaldırıldığını təsdiqləmək üçün).[90] Yüksək virus yükü mənfi nəticə və ölüm göstəricisinin artması ilə əlaqədar olaraq dəyişir.[20][21][22][61][75][90][92]

Ebola virusu infeksiyasına görə test olunub-olunmamasının seçilməsi xəstənin anamnezi və aşağıdakı alqoritmə əsasən infeksiya riskindən asılıdır.

com.bmj.content.model.Caption@796c679[Figure caption and citation for the preceding image starts]: Şübhəli Ebola virusu infeksiyasının müayinəsi üçün diaqnostik üsulBMJ Sübutlar Mərkəzi tərəfindən yaradılmışdır [Citation ends].

Malyariya endemik ərazidə yaşayan/işləyən insanlarda və ya həmin ərazidən geri qayıdan səyahətçilərdə hələ də qızdırmanın ən çox rast gələn səbəbidir və o, istisna edilməlidir.[93] 2014-cü il alovlanması zamanı Qərbi Afrikada malyariya ilə yanaşı infeksiya xəstələrin 5%-də qeyd olunmuşdur, belə ki, ikili infeksiyanın mümkünlüyü bütün xəstələrdə nəzərə alınmalıdır.[75] Malyariyaya görə müsbət sürətli diaqnostik test nəticəsi zamanı Ebola virusu infeksiyası və ikili infeksiyanın mümkünlüyünə görə xəstənin riskini nəzərdə tutmaqla infeksiya müalicə olunmalıdır. Ebola virusu infeksiyası malyariya əleyhinə terapiyaya reaksiya verməyən xəstədə nəzərdən keçirilməlidir.

Ebola virusu infeksiyası üçün müvafiq təsdiqləyici testlərin Ebola virusu infeksiyasından şübhələnilərsə, digər şübhəli vəziyyətlər üçün fərqləndirici testlərdən əvvəl və ya onlarla paralel şəkildə icra olunmağı tövsiyə olunur.

Digər tədqiqatlar

Ənənəvi olaraq, laboratoriya işçilərini risk altında qoymaq təhlükəsinə görə malyariya skrininqindən və ƏT-PZR-dən kənar heç bir digər tədqiqat tövsiyə olunmur. Lakin digər tədqiqatlar tövsiyə olunan rəhbər qaydalara əsasən təhlükəsiz şəkildə bir şərtlə icra oluna bilər ki, laboratoriyaya nümunə haqqında əvvəlcədən məlumat verilsin və ƏT-PZR müsbət olduğu təqdirdə, qan nümunələri düzgün qablaşdırılsın və saxlansın. Yerli və köməkçi laboratoriyalara nümunələrin təhlükəsiz daşınması və yerli laboratoriyada qəbulu zamanı təhlükəsiz davranış haqqında yerli protokollar aydın olmalıdır.

Növbəti tədqiqatlar kliniki müayinəyə dəyərli məlumatı əlavə edir və əlavə nəzarətə istiqamət verməkdə kömək edir və mümkün olduğu təqdirdə tətbiq olunmalıdır. Coğrafi məkan və ya mövcud müəssisələr səbəbi ilə tədqiqatlar məhdud olarsa, tətbiq olunmalı ən vacib testlər böyrək funksiyası, zərdab elektrolitləri və qanda laktatın müayinəsindən ibarətdir (mövcud olarsa).

Böyrək funksiyası və zərdab elektrolitləri:

  • Zərdab kreatinin və ya sidik cövhərinin və patoloji elektrolitlərin artması kəskin böyrək çatışmazlığını göstərə bilər. İnfeksiyanın birinci həftəsinin sonunda görünə bilər.[94] Qusma və ishal və ya kəskin böyrək çatışmazlığı səbəbi ilə hipokaliemiya və ya hiperkaliemiya 2014-cü il alovlanmasında xəstəlik hadisələrinin təxminən 33%-də müşahidə edilmişdir.[75] Hipokalsiemiya ölümlə nəticələnən infeksiya ilə müşayiət olunmuşdur. Ağır xəstəlik zamanı hematuriya və proteinuriya da qeyd oluna bilər. Maye reanimasiyasına reaksiya verməyən oliquriya pis proqnostik əlamətdir.[16]

Qanda laktat:

  • Laktatın artması toxuma hipoperfuziyasının işarəsi və şokun göstəricisidir. Sistemli hipoperfuziyanın dərəcəsini müəyyənləşdirmək və maye reanimasiyasına istiqamət vermək məqsədilə sepsis əlamətlərinə malik kəskin hal müşahidə edilən xəstələrdə faydalıdır.[95] Laktatın artması Almaniyada müalicə olunan bir xəstədə 15-ci gündə qrammənfi sepsisin bir göstəricisi olmuşdur.[37]

Arterial qanın qaz tərkibi:

  • Arterial və ya venoz pH və bikarbonat, sepsis əlamətləri olan ağır xəstələrdə sistemli hipoperfuziyanın dərəcəsini müəyyənləşdirmək və infuzion terapiyanı istiqamətləndirmək üçün faydalıdır.[95]

QÜM:

  • Trombosit miqdarının aşağı düşməsi və nəzərəçarpan limfopeniya infeksiyanın ilkin mərhələlərində görünə bilər; lakin bu, diaqnostik deyil. Bu, adətən, xəstəliyin gecikmiş mərhələsində trombositopeniyanın normallaşması ilə yanaşı son nəticədə sağalan xəstələrdə neytrofil leykositozu ilə müşahidə olunur. Leykositoz davamlı ola və qeyri-yetkin formalar nümayiş etdirə bilər. Xəstəliyin ağır forması olan xəstələrdə yayılmış damardaxili laxtalanmanın təzahürü kimi trombosit miqdarında proqressiv azalma görünə bilər. Hemoqlobin səviyyəsinin azalması 2014-cü il alovlanmasında xəstələrin 24%-də qeydə alınmış[75] və əvvəlki xəstəlik alovlanmalarında qanaxma ilə əlaqələndirilmişdir.[16]

Laxtalanma tədqiqatları:

  • Qanın laxtalanma vaxtının (LV) uzanması və ya aktivləşmiş hissəvi tromboplastin vaxtı (aHTV) daha ağır infeksiya və yayılmış damardaxili laxtalanma kimi qanaxma təzahürləri ilə əlaqələndirilir. Həmçinin, ölümlə nəticələnən infeksiyalar müşahidə edilən xəstələrdə, sağ qalan xəstələr ilə müqayisədə, infeksiyanın 6-8-ci günlərində D-dimer səviyyələrinin dörd dəfə yüksək olduğu aşkar edilmişdir.[96]

Qaraciyərin funksional testləri:

  • Həm ALT, həm də AST adətən artmış olur; lakin bir çox tədqiqatlar göstərir ki, AST ALT-yə nisbətdə artır və qaraciyər-hüceyrə çatışmazlığından çox sistemli toxuma zədələnməsini göstərir.[75] AST: ALT nisbəti ölümlə nəticələnən xəstəlik hallarında infeksiyanın 6-8-ci günlərində 15:1 pik nöqtəsinə çatır ki, qeyri-ölümcül xəstəlik hadisələri ilə müqayisədə, 5:1 pik nöqtəsinə malik olur.[8][16][96] Bilirubin, qamma qlutamintransferaza və qələvi fosfataza, adətən, bir qədər artmış olur. Ağır sarılıq ilə ALT-nin yüksək dərəcədə artması alternativ diaqnozu bildirir (məs.,viruslu hepatit).

Zərdab amilaza:

  • Bir neçə tədqiqatda yüksəlmiş səviyyə qeyd edilir və xəstəliyin ağır gedişatına işarə edən pankreatitin göstəricisidir.[16]

Qan zərdabında qlukoza:

  • Hipoqlikemiya böyüklərdə meydana gələ bilər, lakin geniş şəkildə qeydə alınmamışdır.[22] Lakin uşaqlar arasında daha çox rast gəlir və ağır ola bilər. Potensial olaraq, sayıqlamanın geridönən səbəbidir.[83][84]

Qan kulturaları:

  • Mənfi qan kulturaları digər viruslu olmayan yoluxucu səbəbləri istisna etdiyindən faydalıdır (sepsis, qarın yatalağı). Bağırsaqlarda translokasiyadan qaynaqlandığı ehtimal edilən qrammənfi bakteriemiya iki xəstədə xəstəliyin gedişinin ağırlaşması kimi müəyyən edilmişdir.[97][37] Lakin Ebola müalicə mərkəzinə qəbul zamanı xəstələrdən qan kulturalarının götürüldüyü Sierra Leon tədqiqatlarının birində aşkar edilmişdir ki, 22 kulturadan yalnız biri ehtimal edilən çirkləndirici maddəyə görə müsbət olmuşdur.[98] Bu səbəbdən, qan kultura üçün ilkin səviyyədə və/və ya mədə-bağırsaq simtompları və ya digər kliniki pisləşmə başladığı zaman toplanılmalıdır.

Antigeni aşkar edən fermentli immunosorbent analiz (ELISA):

  • Yüksək spesifikliyə malik faydalı diaqnostik test; baxmayaraq ki, universal olaraq mövcud deyil. İnfeksiyanın 3-cü günündən 6-cı gününə kimi müsbət nəticə verməsi daha çox ehtimal olunur və 7 -16-cı günlər arasında geniş müxtəlif nəticələr təmin edə bilər.[42] Müsbət ƏT-PZR nəticəsi ilə birgə diaqnozu təsdiqləmək üçün istifadə edilə bilər.

IgM və IgG anticisimləri:

  • İnfeksiyanın sonrakı mərhələlərində faydalıdır. IgM anticisimləri yoluxmadan sonra artıq 2-cü gün zərdabda meydana gələ bilər, lakin 9-cu günə kimi müxtəlif nəticələr verə bilər. Onlar simptomların əmələ gəlməsindən sonra 30-168 gün ərzində mənfi olur. IgG reaksiyası isə 6-18 gün arasında inkişaf edir və bir neçə il davamlı ola bilər. Müsbət IgM və ya artan IgG titri son zamanlar Ebola virusuna yoluxmanın danılmaz sübutudur.[42]

Döş qəfəsinin rentgeni

  • Respirator simptomlara malik xəstələrdə faydalıdır. Ağciyər infiltratları infeksiya üçün səciyyəvi deyil, alternativ diaqnozu (və ya yanaşı gedən) bildirir. İzolyasiya bölməsində təşkil etmək çətin ola bilər və kontaminasiyanın qarşısını almaq məqsədilə yalnız əsaslandırılmış şəkildə tətbiq edilməlidir.[99]

Sürətli diaqnostik sınaqlar

Ebola virusu infeksiyası üçün sürətli PZR testi yoluxmuş xəstələrin effektiv, hədəfli izolyasiyası üçün başlıca baryer olaraq qalır. Mövcud testləri yaxınlıqda olan tam təchiz olunmuş 3-cü və 4-cü biotəhlükəsizlik səviyyəsi laboratoriyasında icra etmək üçün orta hesabla 4 saat vaxt aparır, lakin uzaq ərazilərdə əldə edilməsi üçün nəticələr bir neçə gün çəkə bilər. Bu onu bildirir ki, mənfi olduqları təsdiq olunmayana kimi Ebola virusu infeksiyasından başqa qızdırmalı xəstəliklərin müşahidə edildiyi xəstələr izolyasiya ilə məhdudlaşır və adətən, virusa bilmədən yoluxurlar. Bu səbəbdən, xəstənin yatağında aparılan sürətli testlər müalicə mərkəzlərində infeksiyaya nəzarət üçün çox əhəmiyyətli şərait yarada bilər.

World Health Organization (WHO): interim guidance on the use of rapid Ebola antigen detection tests external link opens in a new window

Sahə şəraitində istifadə üçün bir neçə müxtəlif texnologiyalar ÜST tərəfindən qiymətləndirilir. Bura 1 saatdan az qısa işləmə vaxtı çərçivəsində istifadəsini daha asanlaşdırmış çoxsaylı ƏT-PZR əsaslı müayinələr daxildir. ÜST ReEBOV™ Antigen Sürətli Test Dəstini potensial istifadə üçün siyahıya almışdır; lakin hal-hazırda xüsusi vəziyyətlərdə istifadəsi tövsiyə olunur. Alternativ testlər ELISA əsaslı antigen aşkarlanması müayinələridir ki, yalnız bir damla qan tələb edən mümkün üstünlüyü ilə daha asan və sadə ola bilər. Müayinələrin başlıca çatışmazlığı xüsusilə xəstəliyin ilkin mərhələlərində həssaslığın azalmasından ibarətdir.[100][101] Nanopor texnologiyası virusun çox zəif olduğu mərhələlərdə aşkar edilməsinə və sekvenasiyasına imkan verə bilər və cib aşkaretmə dəsti kimi istifadə olunmaq potensialına malikdir.[102][103] Xəstəliyin alovlanması zamanı bu yeni texnologiyalar vasitəsilə Ebola virusunun sürətli sekvenasiyası virus dinamikasının real vaxtda başa düşülməsinə imkan verə bilər.[104]

GeneXpert® diaqnostik aləti inkişaf etdirilmiş və təcrübədə sınaqdan keçirilmişdir. Xpert® Ebola minimal laboratoriya vərdişləri tələb edən kartriclə işləyən avtomatlaşdırılmış sistemdir. İnaktivasiya olunmuş nümunə birdəfəlik istifadə üçün nəzərdə tutulmuş kartricə yerləşdirilir və sonra əlaqəli qurğuya daxil edilir. Nümunənin hazırlanması, nuklein turşusu amplifikasiyası və aşkar edilməsi və nəticələrin nümayişi avtomatlaşdırılmış prosesdir və heyət üçün qoyulmuş təlim tələblərini, infeksiya riskini və çarpaz yoluxmanı minimallaşdırır.[105]Bu sınaq Konqo Demokratik Respublikasında 2018-ci ildə baş vermiş xəstəlik alovlanması zamanı təcrübədən keçirilmişdir.

Bu, sürətlə inkişaf edən sahədir və müxtəlif dəstlər onların istifadə olunacağı ölkə və müəssisələrə əsasən təsdiqlənmişdir. Qida və Dərman Administrasiyası (QDA) və ÜST tövsiyələri mövcuddur:

World Health Organization (WHO): clinical management of patients with viral haemorrhagic fever: a pocket guide for the front-line health worker external link opens in a new window

Centers for Disease Control and Prevention (CDC): Ebola diagnosis external link opens in a new window

Public Health England: Ebola virus disease - clinical management and guidance external link opens in a new window

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.