Xəstənin anamnezi

Xəstənin anamnezi #1

3 gün davam edən ishal, qusma və qızdırma müşahidə edilən 35 yaşlı kişi Liberiyada Ebola skrininq mərkəzinə gətirilir. O, bildirir ki, Ebola virusu infeksiyasından 2 həftə əvvəl vəfat edən tibb bacısının dəfnində iştirak etmişdir. Xəstədə disfagiya əmələ gəlmişdir və 24 saatdır ki, hıçqırır, amma o vaxta qədər normal qidalanırdı. Xəstə heç bir qanaxma simptomuna malik deyil. Müayinə zamanı yüngül konyunktival inyeksiya, bədən boyunca yayılan zəif makulo-papulyoz səpgi, yüngül epiqastral həssaslıq və hepatomeqaliyaya malik olduğu aşkar edilir. Xəstənin qəbulu zamanı mühüm həyat əlamətləri 38,3°C hərarət, 100 döyüntü/dəqiqə ürək ritmi, 115/62 mm.c.süt. qan təzyiqi, dəqiqədə 25 nəfəs tənəffüs tezliyi və 99% oksigen saturasiyasından ibarətdir.

Xəstənin anamnezi #2

Sierra Leonda Ebola müalicə mərkəzində işləmiş 37 yaşlı həkim 3 gün əvvəl Birləşmiş Krallığa qayıtmışdır. Həkimdə təxminən 12 saat davam edən hərarət, başağrı və mialgiya müşahidə edilir. O, bildirir ki, 10 gün əvvəl Ebola müalicə mərkəzində sınaq şüşəsinin ağzını açan zaman əlini kəsmişdir. Orda qaldığı müddətdə malyariya profilaktikası üçün atovakvon/proquanil qəbul etdiyini bildirir. Müayinə zamanı bir neçə ağcaqanad dişləməsi istisna olmaqla, patoloji əlamət yoxdur. Xəstənin mühüm həyat əlamətləri 39,0°C hərarət, 110 döyüntü/dəqiqə ürək döyüntüsü, 120/75 mm.c.süt. qan təzyiqi, dəqiqədə 25 nəfəs tənəffüs tezliyi və 99% oksigen saturasiyasından ibarətdir.

Digər kliniki formalar

Ebola virusu infeksiyasından vəfat etmiş insanlar infeksiyanın erkən mərhələsində kliniki əlamətlərin meydana gəlməsinə meyl edir, ölüm (şok və poliorqan çatışmazlığı səbəbi ilə) adətən, infeksiyanın 6 və 16-cı günləri arasında baş verir.[6][13][14][15]

Əvvəlki alovlanmalarda yoluxmuş xəstələrin 30-36%-də qanaxma ağırlaşmaları (burun qanaxması, damaqların qanaması, qanhayxırma, asan qançırlanma, konyunktival qanaxma, hematuriya, inyeksiya və ya venepunksiya nahiyələrindən qansızma) qeyd edilmişdir,[11][16][17] lakin 2014-cü il alovlanmasında bu ağırlaşmalar xəstələrin yalnız 5-18%-də qeyd edilmişdir.[18][19] Massiv qanaxma, adətən, yalnız ölümcül xəstəlik hadisələrində müşahidə edilir və tipik olaraq, mədə-bağırsaq traktında baş verir (məsələn, qanlı ishal, melena).[16][20][21][22] Heç bir xarici əlamət olmazsa, daxili qanaxma nəzərdən qaçırıla bilər.

Ağır və ya irəliləmiş infeksiyanı göstərən digər əlamətlərə hıçqırıq, hipotoniya, taxikardiya, hepatomeqaliya, splenomeqaliya, sayıqlama və qıcolmalar aiddir.

Xəstələrin yarısında makulo-papulyoz səpgi əmələ gələ bilər ki, koaqulopatiya müşahidə edilən xəstələrdə tünd qırmızı və ya petexial ola bilər.[16][23]

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.